Ukraynanın keçmiş birinci xanımı Katerina Yuşşenko Amerikanın Səsinə müsahibədə Ukraynada son durum, Birləşmiş Ştatlar və Qərb müttəfiqlərinin hərbi yardımı, Rusiyaya qarşı sanksiyalar, prezident Putinin planları, müharibənin mümkün nəticələri və Azərbaycanın yardım səyləri haqda danışıb.
Amerikanın Səsi: Ukraynada hazırkı durumla bağlı, xüsusilə də Rusiyanın ölkənin şərq bölgələrində hücumlarını davam etdirdiyi vaxt humanitar böhran haqda nə söyləyə bilərsiniz?
Katerina Yuşşenko: Hazırda Ukraynada vəziyyət çox ağırdır. Bilirsiniz ki, Putin bazar ertəsi hansısa qələbəni elan etmək istəyir. Buna görə də o, qələbəsini elan etmək üçün Donetsk vilayətində, Luqansk vilayətində və cənubda mümkün qədər çox ərazi ələ keçirmək üçün əlindən gələni edir. Eşitdiyimizə görə, o, hətta parad zamanı nümayiş etdirmək üçün bizim bəzi hərbçilərimizi əsir götürüb. Eyni zamanda, biz danışarkən belə həmişə hava hücumu sirenləri olur. Mən Ukraynada olmayanda belə ölkəmizə bombalar yağdırılan zaman telefonumda eşidirəm ki, ehtiyatlı olun Lviv, Kyiv, Odessa, Ukraynanın qərbi, mərkəzi Ukrayna bombardman edilir. Bu, dəhşətli bir vəziyyətdir və mən xüsusilə də Mariupolda insanlara görə çox narahatam. Belə bir şey bu əsrdə baş verməməli olan faciədir. Bu, çox böyük qəddarlıqdır və qeyri-sivildir.
Amerikanın Səsi: Birləşmiş Ştatlar və Avropa İttifaqı Ukraynanı Rusiyanın təcavüzünə qarşı mübarizədə kömək etmək üçün lazımi hərbi avadanlıqla təmin etməyə söz verib. Sizin fikrinizcə, Qərb ölkələrinin göstərdiyi yardım kifayətdirmir? Daha çox nə edilə bilər?
Katerina Yuşşenko: Biz aldığımız hərbi yardıma, eləcə də tətbiq edilən sanksiyalara və aldığımız iqtisadi dəstəyə görə çox minnətdarıq, bunlar son dərəcə zəruridir. Mənə elə gəlir ki, əgər biz daha əvvəl təmin olunsaydıq, minlərlə insanın həyatını xilas etmək olardı. Biz bundan əvvəl də belə yardım üçün müraciət etmişdik. Biz illərdir Avropa və ABŞ-a xəbərdarlıq edirik ki, Putin nəsə hazırlayır. Biz bunu Gürcüstan, Krım və Donbas [hadisələri] dövründən görürük. Lakin buna baxmayaraq, [yardım] verilmədi. İndi biz aldıqlarımıza görə minnətdarıq. Amma bizim daha çox ehtiyacımız olacaq, çünki hər gün aldıqlarımızın çox hissəsindən istifadə edirik.
Biz eyni zamanda, boşluqları olmayan daha güclü sanksiyalar görmək istərdik. Hələ görülməyən çox iş var. Bu, xüsusən də alınan neft və qaza aiddir. Avropa Rusiyaya bu müharibədə gündə yeddi yüz milyon dollar verdiyi zaman, bundan sonra əvvəlcə könülsüz, indi isə üç ay ərzində bizə bir milyarda qədər maliyyə verir. Bu, döyüşmək və qələbə çalmağın yolu deyil.
Amerikanın Səsi: Qərb ölkələri Rusiyaya qarşı dövlətə məxsus müəssisələr, banklar və fərdləri hədəf alan çox sərt, presedenti olmayan sanksiyalar tətbiq edib. Bu sanksiyalar Rusiyanın hərbi təcavüzü davam etdirməsini çətinləşdirmək üçün nə dərəcədə effektivdir? Rusiyanın bundan sonra müharibəyə başlaya bilməsini dayandırmaq üçün daha nə etmək olar?
Katerina Yuşşenko: Düşünürəm ki, sanksiyalar kifayət deyil. Fikrimcə, bizneslər, bir çox Qərb müəssisələri, eləcə də bir çox başqa ölkələrdən sanksiyalara qoşulmayan bir çox şirkətlər fəaliyyətlərini davam etdirir. Onlar daha güclü olmalıdır, çünki açıq-aşkar işləmirlər, ona görə ki, müharibə hələ də davam edir. Banklara və ayrı-ayrı şəxslərə qarşı Rusiyanın müharibəni davam etdirməsini çətinləşdirəcək daha çox şey edilə bilər, çünki onların maliyyə vəsaitinə ehtiyacı var və onlar hələ də maliyyə vəsaiti əldə edirlər. Tamamilə aydındır ki, onlar həmçinin alınan neft və qazdan maliyyə vəsaiti əldə edir və bu da müharibənin maliyyələşdirilməsində istifadə edilir. Buna görə də Rusiya ilə hər hansı biznes qana bulaşıb, çünki onlarla qadın, uşaq və əsgərin öldürüldüyü müharibəni maliyyələşdirir.
Amerikanın Səsi: Bir sıra müşahidəçilərin fikrincə, prezident Putinin Ukraynaya hərbi müdaxiləsi onun Rusiyanın və keçmiş Sovet İttifaqının əvvəlki şöhrətini bərpa etmək planlarının bir hissəsidir. Siz bununla bağlı nə düşünürsünüz? Prezident Putinin məqsədi nədir?
Katerina Yuşşenko: Düşünürəm ki, hamımız gözləyirdik ki, İkinci Dünya Müharibəsindən sonra yaratdığımız qaydalara əsaslanan dünya bizi başqa bir böyük müharibədən qoruyacaq, ticarət apracağıq, qloballaşma olacaq və biz belə davam edəcəyik. Biz fikirləşirdik ki, bu, belə də olmalıdır. Putin və digər tiranlar bununla razılaşmadılar. Onlar qaydalara əsasən oynamaq istəmirdilər. Onlar azad seçki istəmirlər. Onlar azad media istəmirlər. Bizim, Ukrayna, Azərbaycan, Gürcüstan, Latviya, Litva, Estoniya - ölkələr olaraq azadlığımız və müstəqilliyimizdə alqışladığımız hər şey onun üçün böyük geosiyasi faciə idi. O bu nizamı dağıdıb və öz təsir dairəsini yaratmaq, mən deyərdim ki, hətta Sovet İttifaqını yox, Rusiya imperiyasını bərpa etmək istəyirdi, çünki o özünü çar hesab edir və Rusiya imperiyasının şöhrətini öz üstünə götürmək istəyir. Amma təəssüf doğuran odur ki, tamamailə aydındır ki, o, bu barədə hələ 2002-ci ildə danışmışdı. O bunu 2007-ci ildə elan etmişdi. Daha sonra Ukrayna və Gürcüstan NATO-nun bir hissəsi olmaq istəyəndə və Amerika prezidenti Corc Buş “onlar NATO-ya daxil olsunlar” dedikdə, Putin Fransa prezidenti və Almaniya kanslerini inandırmağa çalışaraq, “yox” dedi və onlar da “yaxşı” dedilər. Bunun nəticəsində onlar Gürcüstana müdaxilə etdilər. Heç bir reaksiya olmadı. Biz onların etdiklərini, Suriyada qırğınları gördük, heç bir reaksiya olmadı. Krımı müdaxilə edərək gizli şəkildə “yaşıl [geyimli] adamlarla” ələ keçirəndə biz reaksiya vermək istədik və Avropa və ABŞ tərəfindən bizə xəbərdarlıq edildi ki, reaksiya verməyin. Heç bir reaksiya olmadı. Onlar Avropa boyu insanları zəhərlədilər. Onlar Rusiyada öz müxaliflərini sıxışdırdılar. Reaksiya olmadı.
Təbii ki, Putin Qərbin zəif, qütbləşmiş, korrupsioner olduğunu, onları ucuz qazla “ala bildiyini” hiss edirdi. Buna görə də o, Ukraynaya asanlıqla müdaxilə edə biləcəyini, çox güman ki, kiçik bir reaksiya olacağını və sonra Qərbin bunu unudacağını düşünürdü. O bunu əvvəlcə Ukraynada, sonra Moldova, Gürcüstan və Baltikyanı ölkələrdə planlaşdırırdı və Qərbin onun yavaş-yavaş Rusiya imperiyasını bərpa etmək və bizim yaratdığımız nizamı dağıtmaq kimi mərhələli yanaşmasına reaksiya verməyəcəyini gözləyirdi.
Amerikanın Səsi: Ukrayanın müstəqilliyi uğrunda mübarizə sizin üçün xüsusi önəm daşıyır. Sizin babanız 1920-ci illərdə Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparıb. 2004-cü ildə sizin həyat yoldaşınız Kreml tərəfdarı namizədlə seçki kampaniyası zamanı Rusiya laboratoriyalarında mövcud olan dioksin maddəsi ilə zəhərlənmişdi. Bu hadisələrin ardınca Ukraynada Narıncı İnqilab baş verdi. Prezidentliyi dövründə həyat yoldaşınız Moskva tərəfindən dezinformasiya kampaniyasından tutmuş kiber hücumlara qədər müxtəlif fəaliyyətlərlə qarşılaşmışdı. İndi bu mübarizədə ortaya nə qoyulub?
Katerina Yuşşenko: Həqiqətən də, indi baş verən hadisələr Qərbdə bir çox insan üçün gözlənilməz bir şey kimi görünə bilər, lakin fikrimcə, sizin ölkəniz, mənim ölkəm üçün bu, gözlənilməz deyil, çünki bu, bizim onilliklər ərzində deyil, əsrlər boyu yaşadığımız hadisədir. Mənim ailəm aclıqdan, soyqırımdan çıxıb. İndi onlar yenə də soyqırım törətməyə çalışırlar. Mən hesab edirəm ki, ortada o məsələ durur ki, əgər tiran indi qalib gəlsə, qaydaları poza bilsə, bu o deməkdir ki, indi hər kəs qərar verə bilər ki, “mənim sərhədimin o biri tərəfində bu etnik qrup var mən oranı götürmək istəyirəm”. Qaydalar yoxdur. Qaydalar olmayanda azad media istəməyən, seçki ilə hakimiyyətə gəlmək istəməyən tiranlar qalib gələndə bütün dünyada xaos yarana bilər. Qarşılıqlı əlaqə qaydalarına qayıtmağın bir yolu olmalıdır, əgər biz bunu edə bilməsək, bu, xaosun başlanğıcıdır. Bir çox insanların söylədiyi kimi, biz artıq Üçüncü Dünya Müharibəsindəyik və bəşəriyyətin son onilliklərdə əldə etdiyi böyük tərəqqiyə davam etmək istəyiriksə, dünyanın qalib gəlməsi vacibdir.
Amerikanın Səsi: Müharibənin nəticəsinin nə olacağını düşünürsünüz? Münaqişənin nəticəsi dünyaya, xüsusilə də qonşu ölkələrə və post-sovet məkanında digər ölkələrə necə təsir göstərə bilər?
Katerina Yuşşenko: Mən də ukraynalıların doxsan üç faizi kimi tam əminəm ki, bizim qalib gəlməkdən başqa seçimimiz yoxdur. Həqiqətən də, ukraynalılar müasir dünyada müqavimət nümunəsinə çevrilib. Düşünürəm ki, nümayiş etdirdiyimiz birlik və birliyin ruhu dünyanı heyrətləndirdi və istər döyüşə yazılan onlarla, yüz minlərlə insan, ya da xaricdən qayıdan yüz minlərlə insan olsun, istərsə Xersonda hər gün “Xerson Ukraynadır” deyən, ya da tankların qabağında durub “sizi kəndimizə buraxmayacağıq” deyən insanlar olsun və ya oğlu öləndə onun yerinə gedib orduya yazılan ana olsun, bu, birlik, biz qalib gələcəyik deməkdir. Rusiyalıların mənəvi ruhu aşağı səviyyədədir. Onlar öz avadanlıqlarından istifadə edirlər. Onların strategiyası pisdir. Onların avadanlığı pisdir. Onlar hər şeyi bizim üzərimizə atırlar, çünki bunun doğru olduğunu düşünürlər. Amma bu, belə deyil. Ədalət və həqiqət düzgünlük deməkdir.
Rusiyanın təkcə hesablamaları səhv olmadı, onlar ukraynalıların onların düşündüyündən fərqli davrandıqlarını gördülər. Onlar ukraynalıların təslim olacağını, ukraynalıların soyqırımını törədə biləcəklərini, Ukrayna xalqının mövcud olmayacağını düşünürdülər. Bilirsinizmi, onların məktəb dərsliklərində Ukrayna artıq yoxdur. Amma təkcə bu deyil, onlar düşünmürdülər ki, Qərb də heç gözləmədikləri şəkildə ayağa qalxacaq. Buna görə də mən bilirəm ki, nəticədə biz qalib gələcəyik, lakin bunun nə qədər çəkəcəyi sanksiyalar baxımından, iqtisadi dəstək və silah baxımından alacağımız yardımdan asılıdır.
Bizim üçün təkcə qalib gəlməyimiz mühüm deyil, həm də müharibənin bitdiyi gün sülhü qazanmağımız vacibdir, bu da o deməkdir ki, bütün ərazilərimizi, 2014-cü ildən bəri itirdiyimiz əraziləri geri almağımız, təhlükəsizliyimizə qarantiyalar almağımız və ölkəmizi yenidən qura bildiyimiz təmin edilir. Biz Rusiyadan müsadirə edilmiş aktivlərlə, tərəfdaşların xarici dəstəyi ilə, biznes investisiyaları ilə [ölkəmizi] bərpa etmək istəyirik. Biz qəti şəkildə inanırıq ki, bütün bunlardan çıxan Ukrayna daha güclü, daha yaxşı, daha müasir olacaq, əsas etibarilə ona görə ki, bizi 30 il geridə qoymuş bütün o çirkin sovet mirası yox olacaq və biz irəliyə gedərək mühüm dövlətə çevriləcəyik. Düşünürəm ki, bu, dünya üçün vacibdir, çünki onlar Davidun Qoliaf üzərində qələbə çala biləcəyini, ədalətin mövcud olduğunu, həqiqətin qələbə çalacağını, tiranların isə qalib gəlməyəcəyini görəcəklər.
Mən sonda onu da demək istəyirəm ki, bu, Rusiya üçün də yaxşıdır. Putin hakimiyyətə gələndən bəri yaradılan Rusiya anaların və arvadlarının ərlərini daha çox insan öldürməyə və evə gətirmək üçün daha çox oğurlamağa təşviq etdiyi tiranların Rusiyasıdır. Bu, yaxşı Rusiya deyil. Bizə yalana, tiranlığa və imperializmə əsaslanan, öz müstəmləkə imperiyasını geri qaytarmağa çalışan [Rusiya]deyil, demokratik, firavan, yeni dünya nizamına, yaratdığımız dünya nizamına əsaslanan Rusiya lazımdır, bizə bu, lazımdır.
Amerikanın Səsi: Mənim bir sualım Azərbaycanın Ukraynaya yardım səyləri ilə bağlıdır. Prezident Zelenski Azərbaycanı dost adlandırıb və ölkəyə dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycanın səylərini necə qiymətləndirirsiniz?
Katerina Yuşşenko: Azərbaycan Baltikyanı ölkələrdən başqa bu müharibədə Ukraynaya kömək edən azsaylı ölkələrdən biridir. Biz prezident Əliyevə bu yaxın günlərdə bəyanatına görə çox minnətdarıq. O, Rusiya ilə uzunmüddətli dostluq münasibətlərini olduğunu və bu ədalətsiz müharibədə Ukraynanı dəstəkləməli olduğunu başa düşdüyünü bildirdi. Biz buna görə ona çox minnətdarıq. Bu yaxınlarda ailəm və bir çox dostlarımız Şuşada olduq. Biz buna bizim üçün ədalət nümunəsi kimi baxdıq ki, əgər Azərbaycan öz torpaqlarını qaytara bildisə, Gürcüstan öz torpaqlarını qaytara bilər, Ukrayna da bizim torpaqlarımızı qaytara bilər və beynəlxalq qaydalar və dünya nizamı vacibdir. Azərbaycan bizə göstərdi ki, onlar beynəlxalq qaydaları həyata keçirə biliblər və biz də bunu etmək istəyirik, çünki bu, dünyada sülhü qorumağın, insan haqlarının, firavanlığın və həyatı təmin etməyin yeganə yoludur.
Həyat yoldaşım tez-tez deyir ki, əgər Rusiyanın bir strateji məqsədi Ukraynanı dünya sistemindən silməkdirsə, ukraynalıların bir strateji məqsədi var, o da sağ qalmaqdır. Beləliklə də biz qalib gələcəyik, sağ qalacağıq.
Azərbaycana da minnətdarıq. Bütün qonşularımıza təşəkkür edirik. Polşa bir neçə həftə ərzində iki milyon yarım ukraynalını qəbul edib, bu da Nobel mükafatına layiqdir. Qonşularımızdan aldığımız dəstək çox böyükdür və biz buna görə minnətdarıq. Düşünürəm ki, bütün dünya bunun sayəsində daha yaxşı bir yer olacaq.