Accessibility links

Katerin Pilişvili: "Əliyev pandemiyadan tənqidçilərini təqib etmək üçün istifadə etdi"


Katerin Pilişvili: "Əliyev pandemiyadan tənqidçilərini təqib etmək üçün istifadə etdi"
please wait

No media source currently available

0:00 0:03:45 0:00

“Human Rights Watch” təşkilatı Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsinin ikinci ayının tamam olması münasibətilə bəyanat yayaraq onun azadlığa buraxılmasın çağırıb. Təşkilatın Avropa və Orta Asiya bölməsindən Katerin Pilişvili Amerikanın Səsinə müsahibədə Yaqublunun məhz fəaliyyətinə görə həbs olunduğunu deyib.

Amerikanın Səsi: Human Rights Watch təşkilatı bu gün bəyanat yayaraq Azərbaycan hökümətini Tofiq Yaqublunu azadlığa buraxmağa çağırıb. Tofiq Yaqublunun işi ilə bağlı nə deyə bilərdiniz?

Katerin Pilişvili: Onun həbsinə heç bir səbəb yox idi, çünki heç bir istintaq başlamamışdı. O, həbs olunmadan öncə heç bir şahid dindirilməmişdi. Və söhbət də hər hansı zorakı cinayətdən getmir. Ona qarşı saxta “xuliqanlıq” ittihamı irəli sürülüb. Bu ittihamla isə həbs qətimkan tədbirinin verilməsi və bir neçə ay boyunca uzadılması düzgün deyil. Onun istintaq davam etdiyi zaman ərzində həbsdə olmasına heç bir əsas yoxdur, ələlxüsus da pandemiya dövründə. Onun həbsi Avropa Konvensiyasında sadalanan qanuni hüquqların pozulmasıdır. Azərbaycanda tənqidi səslərə qarşı açıq təqiblər aparılır və biz Yaqublunun həbsinin bunun bir nümunəsi olduğundan narahatıq.

Amerikanın Səsi: Bəyanatda da qeyd edildiyi kimi prezident İlham Əliyev mart ayında öz çıxışında koronavirus pandemiyasına qarşı mübarizə zamanı müxalifəti təcrid edə biləcəyini deyib və onları “düşmən” və “beşinci kolon” adlandırıb. Buna münasibətiniz nədir?

Katerin Pilişvili: Biz onun çıxışını onun çıxışdan sonrakı əməllərinə görə qiymətləndiririk. O, mart ayında koronavirusla bağlı çıxışında pandemiyadan istifadə edərək tənqidçilərini təqib edəcəyinə işarə etdi və bunun ardınca polis karantin dövründə onlarla fəal və jurnalisti həbs etdi. Tofiq Yaqublu özü karantin başlayandan çox qısa müddət sonra həbs olundu.

Azərbaycanda tənqidi səslərə qarşı açıq təqiblər aparılır və biz Yaqublunun həbsinin bunun bir nümunəsi olduğundan narahatıq. 

Amerikanın Səsi: Ümumiyyətlə Azərbaycanda insan haqları və azadlıq durumunu necə dəyərləndirirsiniz?

Katerin Pilişvili: Human Rights Watch oradakı təqibləri illərdir izləyir. Bu bizim üçün davamlı olaraq narahatlıq doğuran bir məsələdir, xüsusən də indiki zamanda, çünki təqiblər pandemiya səbəbilə azalmadı. Əksinə, gördüyümüz kimi prezident Əliyev pandemiyadan tənqidçilərini təqib etmək üçün istifadə etdi.

Biz insan haqları təşkilatı olaraq bu məsələni izləməyə davam edəcəyik.

Amerikanın Səsi: Human Rights Watch, Avropa Şurası və bir sıra digər beynəlxalq qurumlar Tofiq Yaqublu və başqa siyasi məhbusların azadlığa buraxılmasına çağırıb, lakin belə görünür ki, Azərbaycan höküməti bu çağırışlara cavab vermir. Sizcə bu durumda beynəlxalq ictimaiyyət onların azadlığa buraxılması üçün başqa nələr edə bilər?

Katerin Pilişvili: Onun həbsi ədalətin məsxərəyə qoyulmasıdır. Tofiq Yaqublu azadlığa buraxılmalıdır. Beynəlxalq tərəfdaşlar onun azadlığa buraxılmasına cağırıb. Biz o, sərbəst buraxılanadək onun işini yaxından izləyəcəyik.

Dünyanın bu məsələyə diqqət yetirməsi mühümdür, çünki beynəlxalq tərəfdaşların verdiyi bəyanatlar Azərbaycan xalqına insanların bu məhbuslara görə, xüsusən də Tofiq Yaqubluya görə narahat olduğunu göstərir. Eyni zamanda bu, siyasi məhbsulara bizim onları dəstəkləndiyimizi və unutmadığımızı göstərir. Biz onların bunu bilməsini istəyirik. Biz bu məsələlər barədə danışmağa davam etdiyimiz təqdirdə onlar beynəlxaq gündəmdə qalmaqda davam edəcəklər.

XS
SM
MD
LG