Accessibility links

Kataloniyada müstəqillik tərəfdarları bayram edir


İspaniyanın Kataloniya regionunda keçirilən seçkidə müstəqillik tərəfdarı partiyalar mütləq əksəriyyət qazanıb.

Madrid Kataloniya hökümətini ləğv edib, oktyabr ayında mübahisəli referendum nəticəsində müstəqillik elan edən bir çox separatçı lideri həbs edəndən sonra seçkinin keçirilməsinə çağırıb.

Müstəqillik tərəfdarları cümə gecə səsvermə nəticələrini bayram edib.

Parlametdə 32 yer qazanan Kataloniya Respublikası Solçu Partiyasının baş katibi Marta Rovira həbs edilmiş müstəqillik liderlərinin azadlığa buraxılmasına çağırıb.

Kataloniya regionunun sabiq prezidenti Karles Puicdemont isə oktyabr ayında Belçikaya qaçıb. Səsvermə nəticələri açıqlanandan sonra o, çıxış edib və Barselonaya geri dönəcəyinə söz verib.

“Mən Kataloniyanın prezindeti olaraq katalan xalqını bu böyük vətəndaşlıq və demokratiya dərsinə və rekord seçici fəallığına görə təbrik edirəm,” deyə o bildirib.

Lakin nəticələr çoxlarının gözlədiyi kimi təsirli olmayıb, çünki müstəqillik tərəfdarı partiyalar 2015-ci ildə keçirilən seçki ilə müqayisədə iki daha az yer qazanıb.

Baş nazir Rahoy katalan seçicilərini siyasi normallığı bərpa etməyə çağırıb. Amma seçicilər bunun əvəzinə onun Populyar Partiyasını rədd edib və nəticədə partiya parlametndəki 11 yerdən 8-ni itirib.

Müstəqillik tərəfdarı partiyalar Kataloniyada koalisiya höküməti yaratmağa çalışacaq. Bəzi partiya liderləri deyir ki, indi onlar Madriddən müstəqillik əldə etməklə bağlı qanuni referendum keçirilməsini tələb etmək mandatına sahibdir.

İspaniya və Avropa seçkinin siyasi böhrana son qoyacağına ümid edirdi. Lakin indi belə görünür ki, separatçı hərəkat yenidən canlanır.

XS
SM
MD
LG