Accessibility links

Məhbusun kassasiya şikayəti ünvana yetişmir…


Hazırda Qobustan qapalı həbsxanasında cəza çəkən məhbus Elşən Paşayevin Ali Məhkəməyə kassasiya şikayəti ilə bağlı məktubu ünvana çatdırılmır. Bu barədə Paşayevin anası Lida Mirzəliyeva Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, oğlu iyunun 23-də cəza növünün dəyişdirilməsi ilə bağlı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. Amma, Paşayevin məktubunu həbsxana rəhbərliyi Ali Məhkəməyə çatdırmır.

Elşən Paşayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə həbs edilib. O, 12 il müddətinə məhkum edilib və cəzasının artıq 11 ilini çəkib. E.Paşayev cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı 2015-ci ilin fevralında Nizami rayon Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin etməyib. Bundan sonra, Paşayev ağzını tikərək aclığa başlayıb. Paşayev 33 gün cəzaçəkmə müəssisəsinin “cəza kamerasına” salınıb. Martın 19-da Nizami Rayon Məhkəməsi 1 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin təqdimatı əsasında Paşayevin cəzasının qalan hissəsini çəkmək üçün Qobustan qapalı həbsxanasına göndərilməsi barədə qərar qəbul edib.

Paşayev məhkəmənin qərarından apellyasiya şikayəti verib. Nəhayət, Apellyasiya Məhkəməsi onun cəzasının çəkilməmiş hissəsinin 1 il 6 ayından azad edib. Paşayev bu il iyunun 23-də Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Ancaq Paşayevin anası Lida Mitrzəliyeva iddia edir ki, oğlunun şikayəti Ali Məhkəməyə qəsdən çatdırılmır.

Öz növbəsində, Penitensiar Xidmətin İctimiayyətlə Əlaqələr Şöbəsi Lida Mirzəliyevanın dediklərini Amerikanın Səsinə təkzib edib.

“Cəzaçəkmə müəssisələrində saxlanılan bütün məhbusların məktubları vaxtında yazdıqları instansiyaya çatdırılır. Elşən Paşayev kassasiya şikayəti yazıbsa, onun məktubu da ünvanına çatdırılıb”,-deyə şöbənin əməkdaşı qeyd edib.

XS
SM
MD
LG