Accessibility links

Karnegi Fondunda Forum: Azərbaycan-Ermənistan Danışıqlarında İkinci Cığır


Karnegi Fondunda Forum: Azərbaycan-Ermənistan Danışıqlarında İkinci Cığır
Karnegi Fondunda Forum: Azərbaycan-Ermənistan Danışıqlarında İkinci Cığır

Tomas de Vaal tərəflər arasında mental və psixoloji uçurumun mövcud olduğunu önə çəkərək azərilərin Yupiterdən, ermənilərin isə Marsdan olduğunu dedi. Onun sözlərinə görə tərəflər bir-biri ilə danışmaq əvəzinə daha çox özləri arasında millətçi ritorikaya tapınmağa üstünlük verirlər.

Oktyabrın 17-də Vaşinqtonda qərargahlanan Karnegi Beynəlxalq Sülh Fondunda “Ermənistanla Azərbaycan Arasında İkinci Cığır Dialoqu Gücləndirmək” başlıqlı forum keçirildi. Dağlıq Qarabağ sülh danışıqlarında qeyri-rəsmi təmas vasitələri aramağa yönəlik tədbirin natiqləri Karnegi İnstitutunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vaal, Konflikt Transformasiyası üçün Imagine Mərkəzinin həmtəsisçisi Filip Qamağelyan, Beynəlxalq Böhran Qrupunun sabiq analisti və hazırda müstəqil təhlilçi Təbib Hüseynov idilər.

İlk öncə çıxış edən Filip Qamağelyan son 17 il ərzində diplomatik müstəvidə danışıqların aparıldığını, ancaq onların real nəticə vermədiyini vurğuladı. O, hər iki tərəfdə xoş məramın olmadığını, və bu səbəbdən maarifçilər, QHT nümayəndələri və sivil cəmiyyət təmsilçiləri arasında dialoq qurulmasının mühüm olduğunu söylədi. Cənab Qamağelyan dedi ki, əgər bir vaxtlar ermənilər tarixi düşmən saydıqları türkləri azərilərlə eyniləşdirirdilərsə, indi ermənilərin azərilərə qarşı münasibəti türklərə olduğundan daha sərtdir. O, Azərbaycan hökumətinin kompromisin hakimiyyət üçün problem yaradacağı qənaətində olduğunu söylədi. Cəmiyyətlər arasında fikir mübadiləsi aparılmasının əhəmiyyətini qeyd edən erməni təmsilçi ikinci cığır təmaslara Dağlıq Qarabağ icmalarının qatılmasını da məqsədəuyğun hesab etdiyini bildirdi.

Təbib Hüseynov yaranmaqda olan təmaslarda məzmundan çox formaya üstünlük verilməsindən gileyləndi. Onun sözlərinə görə dialoqun formatı barədə meydana çıxan mübahisələr qarşılıqı etimad hissinin bərqərar olmasına əngəl törədir. Cənab Hüseynov bağlı qapılar araxasında aparılan danışıqlarla açıq müstəvidə aparılan danışıqlarda fərq olduğunu deyərək daha çox şəffaflığa ehiyac olduğunu söylədi. O, tərəfləri məsələləri açıq şəkildə müzakirə etməkdən çəkinməməyə, diplomatik-siyasi cığırda nəzərdən keçirilən məsələlər barədə açıq fikir mübadiləsi aparmağa çağırdı.

Tomas de Vaal tərəflər arasında mental və psixoloji uçurumun mövcud olduğunu önə çəkərək azərilərin Yupiterdən, ermənilərin isə Marsdan olduğunu dedi. Onun sözlərinə görə tərəflər bir-biri ilə danışmaq əvəzinə daha çox özləri arasında millətçi ritorikaya tapınmağa üstünlük verirlər. Nəticə olaraq cəmiyyətlərdə sülh haqqında təsəvvür formalaşmayıb və onlar danışıqlar prosesindən tamamilə kənarda qalıblar. Onun sözlərinə görə cəmiyyətlərin təmas xəttində bir-biri ilə sosial-məişət zəminində təmas qurması ikinci cığırın möhkəmlənməsinə doğru mühüm addım olardı. Cənab de Vaal nümunə olaraq azərbaycanlı və erməni icmaların Gürcüstanda yaratdıqları təmasları göstərdi.

Natiq çıxışlarının ardınca Ermənistandan Regional Araşdırmalar Mərkəzinin sədri Riçard Giraqosyan və Azərbaycan Diplomatik Akademiyasının təmsilçisi Taleh Ziyadov öz fikirlərini forum iştirakçıları ilə bölüşdülər. Diplomatik cəbhədə nailiyyətsizliyin aradan qaldırılması və status kvonun dəyişməsi üçün bir sıra təkliflərlə çıxış edildi. Forumun gedişatında üzə çıxan fikir ayrılıqlarına baxmayaraq, çoxları razılaşdı ki, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında təmas xətlərini gücləndirmək sülhün mənafeyinə xidmət edir.

XS
SM
MD
LG