Accessibility links

Azərbaycanda karantin rejimini pozan 6 nəfər həbs edilib


Bakı 28 may metrosunun qarşısı
Bakı 28 may metrosunun qarşısı

Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə 5, o cümlədən Bakı şəhərində 2 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həmin obyekt sahiblərindən 1 nəfər inzibati həbs edilib, 4 nəfər isə inzibati cərimə olunub.

Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 3796 nəfərə, onlardan Bakı şəhəri üzrə 1588 nəfərə cərimə tətbiq edilib, 5 şəxs inzibati qaydada həbs olunub.

Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfərə xəbərdarlıq edilib.

Ümumilikdə ötən gün ərzində respublika üzrə 6 nəfər inzibati qaydada həbs, 3800 nəfər cərimə olunub, 1 nəfərə xəbərdarlıq edilib.

Rəsmi məlumata görə ölkədə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Verilən məlumata görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa biləcək. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.

XS
SM
MD
LG