Accessibility links

Kamala Harris vitse-prezidentliyə nominasiyanı qəbul edib


Vitse-prezidentliyə Demokrat namizəd, Kaliforniya senatoru Kamala Harris partiyasının nominasiyasını qəbul edərkən etdiyi çıxışında insanları “mümkün olduğunu bildiyimiz Amerika” uğrunda mübarizə aparmağa çağırıb.

Keçmiş prokuror olan 55 yaşlı Harris əsas partiyalardan prezidentlik və ya vitse-prezidentliyə rəsmi namizəd olmuş dördüncü qadın, amma ilk qara və ilk cənubi asiyalı şəxsdir. Onun anası ABŞ-a Hindistandan mühacirət etmiş döş xərşəngi üzrə alim olub. O, 2009-cu ildə vəfat edib. Harrisin atası isə ABŞ-a Yamaykadan gələn iqtisadçı olub.

Çərşənbə günü Demokratların Milli Konvensiyasının üçüncü günündə çıxış edən Harris prezident Donald Trampı koronavirus pandemiyası və iqtisadiyyatı idarə etmə yollarına görə sərt şəkildə tənqid edib və deyib ki, "onun rəhbərliyinin uğursuzluğu insanların həyatları və dolanışıqları bahasına başa gəlib.”

Harrisdən öncə sabiq prezident Barak Obama çıxış edərək xələfi Donald Trampı tənqid edib və onun prezidentliyə “daha çox realiti şousu” kimi yanaşdığını və təcrübəsiz rəhbərliyi və avtoritar üslubu ilə demokratiyanı təhlükə altına atdığını deyib.

Demokratlar partiyasından vitse-prezidentliyə nominasiyanı qəbul edən Harris “çətinliklər və çatışmazlıqlar” ölkəsindən və qüsurları aradan qaldırmağın, o cümlədən iqrçiliyə qarşı mübarizənin və “qanun altında bərabər ədalət vədinin” yerinə yetirilməsinin vacibliyindən danışıb.

“Səhv başa düşməyin, bu yol asan deyil. Bizim ayağımız büdrəyəcək. Biz qeyri-müvəffəq ola bilərik. Amma mən sizə söz verirəm ki, biz cəsur davranacağıq və problemlərimizi dürüst bir şəkidlə həll edəcəyik. Biz həqiqətləri danışacağıq və biz sizdən istədiyimiz kimi sizə qarşı da inamla addımlar atacağıq," o deyib.

Tarixi nominasiya

Baydenin vitse-prezidentliyə asiyalı-amerikalı köklərə sahib qara amerikalını namizəd göstərməsi Demokratlar partiyasında 77 yaşlı ağ Baydenə qarşı çıxan və ya laqeyd yanaşan bir çox azlıqları və qadınları həyəcanlandırıb.

Harris söz verib ki, Bayden-Harris administrasiyası “heç kəsi geridə qoymayan iqtisadiyyat inkişaf etdirmək” üçün çalışacaq, koronavirus pandemiyasına son qoymaq üçün addımlar atacaq və “güclü və dürüst, ədalətli və xeyirxah” icma quracaq.

Bu arada isə Barak Obama Filadelfiyada lentə alınan çıxışında deyib ki, Tramp dörd il boyu prezidentliyə "çox istədiyi diqqəti cəlb etmək üçün istifadə edə biləcəyi realiti şou” kimi yanaşıb.

Obama xəbərdarlıq edib ki, Trampın yenidən seçilməsi demokratiyanı təhlükə altına atar və deyib ki, o, Trampın prezidentlik vəzifəsinə daha ciddi yanaşacağına və “ona əmanət olunan demokratiyaya dərin ehtiram bəsləyəcəyinə” ümid edirdi.

Obamanın çıxışı qeyri-adi bir haldır, çünki keçmiş prezidentlər çox nadir hallarda vəzifədə olan prezidenti tənqid edirlər.

Çərşənbə günü Obamanın çıxışının bəzi hissələrinin internetdə yayılmasından sonra prezident Donald Tramp ona cavab verərək, Obamanı səmərəsiz olmaqda və ABŞ demokratiyasını təhlükəyə atmaqda günahlandırıb.

“Mən bunu dinləyəndə onun bizə qoyub getdiyi dəhşəti, onun gördüyü işlərin axmaqlığını görürəm. Görün biz nələr edirik. Bizim möhtəşəm sərhəd divarımız var. Bizim təhlükəsizliyimiz var,” Tramp mətbuat konfransı zamanı bildirib. “Görün o nə qədər pis olub, nə qədər səmərəsiz olub,” Donald Tramp əlavə edib.

Prezident Tramp özü son bir neçə gündür seçki kampaniyası çərçivəsində səfərlər edir və mətbuat konfransları keçirir. O, seçki nəticələrinə böyük təsir göstərən bir neçə ştata səfər edib.

Trampın cümə axşamı dayanacağı Baydenin uşaqlığının keçdiyi Skranton şəhərinə yaxın bir yerdir. Respublikaçılar gələn həftə bazar ertəsindən başlayaraq virtual milli konvensiyalarını keçirəcəklər. Konvensiya Donald Trampın avqustun 27-də Ağ Evdə nominasiyanı qəbul nitqi ilə başa çatacaq.

XS
SM
MD
LG