Accessibility links

Kəşfiyyat komitəsi Trampın impiçment araşdırması ilə bağlı hesabatını açıqlayıb


ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsi çərşənbə axşamı günü prezident Donald Trampın impiçment araşdırması ilə bağlı nəticələr və tövsiyələrdən ibarət hesabatını açıqlayıb.

Komitənin sədri Adam Şiff hesabatın Ədliyyə komitəsinə təqdim edilməsi üçün çərşənbə axşamı günü səsvermə keçiriləcəyini bildirib. Ədliyyə komitəsinin üzvləri Trampa qarşı impiçment maddələrinin hazırlanıb-hazırlanmamasını müəyyən edəcək.

Çərşənbə günü Ədliyyə komitəsinin özündə impiçment dinləmələri başlamalıdır. Dinləmələr Trampın vəkili olmadan keçiriləcək.

Prezident “bütün bunlar yalan olduğu üçün” dinləmələrə nümayəndə göndərməyəcəyini deyib.

Tramp həmçinin dinləmələri onun Londonda NATO sammitində iştirak etdiyi vaxt keçirdiyinə görə demokratları tənqid edib.

Ədliyyə komitəsində keçiriləcəyi gözlənilən dinləmələrdə ekspertlər qrupu ABŞ konstitusiyası ilə nəzərdə tutulmuş impiçment prosesi ilə bağlı ifadələr verəcək.

Komitə bazar ertəsi günü hüquqşünas professorların adlarını açıqlayıb. Bunlar Harvard universitetinin professoru Noa Feldman, Stanford universitetinin professoru Pamela Karlan, Şimali Karolina iniversitetinin professoru Maykl Gerhardt və Corc Vaşinqton universitetinin professoru Conatan Türlidir.

Tramp həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ prezidenti ilə heç vaxt “əvəz-əvəz mövqeyindən” danışmadığı haqda yeni şərhlərinə diqqət çəkib.

Zelenski Time, Le Monde, Der Spiegel və Gazeta Wyborcza jurnallarına müsahibələrində Ukraynanın Rusiya ilə müharibə vəziyyətində olduğu bir vaxt Birləşmiş Ştatların Kiyevin strateji tərəfdaşı olaraq hərbi yardımı bloklamamalı olduğunu bildirib.

“Fikrimcə, söhbət sadəcə ədalətdən gedir. Məsələ əvəz-əvəzdə deyil” - deyə, Zelenski müxbirlərə deyib.

Tramp bu açıqlamalardan demokratların onun Ukraynaya yardımı Kiyevin ABŞ prezident seçkilərində namizədliyini irəli sürmüş keçmiş demokrat vitse-prezident Co Baydenlə bağlı təhqiqata kömək etməyənə qədər saxladığına dair iddialarına qarşı müdafiə kimi istifadə edib.

Konqresin təhqiqatçıları prezident Trampın Ukraynaya 2020-ci il ABŞ prezident seçkilərində ona rəqib ola biləcək öncül demokrat namizəd Co Baydenlə bağlı təhqiqat aparmaq üçün təzyiq göstərərək, səlahiyətlərindən sui-istifadə edib-etmədiyini araşdırır.

XS
SM
MD
LG