Accessibility links

Jurnalistlər ölkə prezidentini “Media haqqında” qanunu imzalamamağa çağırıb


media
media

Media ictimaiyyətinin bir qrup nümayəndəsi prezident İlham Əliyevi “Media haqqında” qanunu imzalamamağa çağırıb.

Jurnalistlərin ölkə başçısına müraciətində deyilir ki, qanun Azərbaycanda media və ifadə azadlığı hüququnun inkişafına xidmət etmir, əksinə, müstəqillik dövründə bu sahədə əldə olunmuş kövrək nailiyyətləri kölgə altına alır.

“Biz bu müraciətimizlə Sizdən “Media haqqında” qanunu imzalamamanızı, onu yenidən işlənmək üçün parlamentə geri qaytarmanızı xahiş edirik,” sənəddə qeyd edilir.

Jurnalistlər hesab edir ki, yeni sənədin məzmunu media qanunları standartlarına uyğun gəlmir, mətni mücərrəddir, anlayışları dolaşıqdır və jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirir.

“O, kimin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdən tutmuş, onlayn mediaların icra orqanından lisenziya və ya rəy almalı olması şərtinə qədər, bütün həlledici tənzimləmələrin açarını dövlətə təslim edir. Qanun layihəsinin hazırlanması prosesi, layihənin məzmunu həm “İnformasiya əldə etmək haqqında” qanuna, həm də Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin media azadlığı ilə bağlı müddəalarına uyğun deyil,” müraciətdə qeyd edilir.

2021-ci il dekabrın 30-da Milli Məclis “Media haqqında” yeni qanunu qəbul edib.

Qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

Sənəd 9 fəsil 78 maddədən ibarətdir.

Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.

Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Media ekspertləri, bir çox jurnalistlər qanunun qəbulunu tənqid edib və söz azadlığının məhdudlaşdırlmasına yönəldiyini bildirib. Media ictimaiyyəti sənədin parlamentə təqdimindən əvvəl ictimai müzakirəsinin keçrilmədiyini bildirib. Qanunun qəbulu zamanı jurnalistlər Milli Məclisin binası qarşısında etiraz aksiyaları keçirib.

XS
SM
MD
LG