Accessibility links

Jurnalistlərin həyat yoldaşları etiraz aksiyası keçirib


Bu gün, aprelin 5-də həbsdə olan jurnalistlər Əfqan Sadıqov və Polad Aslanovun həyat yoldaşları Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin binaları qarşısında aksiya keçirib. Həyat yoldaşları - Sevinc Sadıqova və Gülmirə Aslanova jurnalistlərin saxlanma şəraitindən narazılıq edib.

“Əfqan Sadılqov artıq 153 gündür aclıq edir. Onun sağlamlıq durumu çox ağırdır. Buna baxmayaraq Əfqanı Ədliyyə Nzirliyinin Müalicə Müəssisəsində 25 kvadratmetrlik palatada 8-10 nəfər xəstə ilə birgə saxlayırlar. Əfqanın immuniteti çox zəifdir. Onun xəstələrlə, hətta aralarında vərəm xəstəsi də olub, bir yerdə saxlanılması işgəncədir,” Sadıqova qeyd edib.

Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova isə deyib ki, həyat yoldaşını 1 saylı Cəzaçəkmə Müəssisəsində 18 nəfərlə bir yerdə saxlayırlar.

“Poladla bir yerdə saxlanılanların 16 nəfəri xəstədir. Bu həyat yoldaşıma qarşı qeyri insani davranışdır,” o qeyd edib.

Jurnalıistlərin həyat yoldaşları Ədliyyə Nazirliyində qəbul edilib və onlara Penitensiar Xidmətə getmələri məsləhət bilinib.

“Penitensiar Xidmətdən bizə dedilər ki, tələblərimizlə bağlı tədbir görüləcək. Sabah Əfqanla görüş günümdür. Onunla görüşüm zamanı tələblərimizin nəzərə alınıb-alınmaması məlum olacaq,” Sadıqova Amerikanın Səsinə deyib.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirir.

2021-ci il fevralın 1-də Polad Aslanovun apellyasiya şikayətinə baxış zamanı jurnalist məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib. O, bir aydan çox aclığı davam etdirib.

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Həsən Əhmədovun sədrliyi ilə Polad Aslanovun apellyasiya şikayətini təmin etməyib.

Əfqan Sadıqov 2020-ci il mayın 13-də saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Sadıqov 2020-ci il nouavbrın 3-dən məhkəmənin qərarına etiraz olaraq aclıq edir və bu gün artıq 153 gündür aclığı davam etdirir.

2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi Əfqan Sadıqov barəsində verilən hökmü qismən dəyişib, 7 il həbs cəzasını 6 ilə endirib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur,” jurnalist məhkəmədə deyib.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir.

Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi, ABŞ Dövlət Deparatmenti, “Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycan hökumətini jurnalistləri dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG