Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi ölümündə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə istintaq işinə baxış yekunlaşıb. Prokuror təqsirləndirlən şəxslərə cəza istəyib: Elşən İsmayılova - 14 il, Arif Əliyevə - 14 il, Camal Məmmədova - 12 il, Samir Mustafayevə - 11,6 il, Kənan Mədətova - 11, 6 il.
Növbəti proses martın 1-ə təyin edilib.
Jurnalist Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən jurnalist avqustun 9-da orada vəfat edib.
Təqsirləndirilən şəxslər jurnalistin ölüm faktı ilə bağlı qaldırılmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunurlar.
Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib. Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Cavid Hüseynov Qəbələ futbol komandasının hücumçusudur. Jurnalistlə insident Hüseynovla bağlı Facebook səhifəsində tənqidi status yazdıqdan sonra baş verib.