Accessibility links

Jurnalist həbsxanada aclığa başlayıb


Mayın 18-də Xeberman.com saytının təsisçisi Polad Aslanov həbsdə saxlanıldığı Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb. O, cəzaçəkmə müəssisəsində vaxtlı-vaxtında hamama buraxılmamasının və telefon əlaqəsinə tətbiq edilən qadağanın aradan qaldırılmasını tələb edir.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova bu gün həyat yoldaşı ilə telefon danışığından sonra Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, daxili intizam qaydalarına görə məhkum həftədə iki dəfə hamamda yuyuna bilər.

“Lakin Polada həftədə yalnız bir dəfə, saat 10-dan 12-dək hamama getmək üçün icazə verilir. Əgər, həmin saatlarda hamama getməsə daha bir həftə hamama gedə bilməz. O, hamamda olarkən arakəsmələri çıxarırlar, hamamın duşunu çıxarırlar, gah həddən artıq isti su, gah da həddən artıq soyuq su verirlər. Bir sözlə psixoloji işgəncə verirlər. Telefon qadağası da davam edir. Qanunvericiliyə görə həftədə iki dəfə 15 dəqiqə telefon danışığı apara bilər. Amma Polada 15 dəqiqə ərzində yalnız ailəsi ilə əlaqə saxlamasına imkan verilir. O, vaxtını bölüb iki və daha çox şəxslə danışa bilmir. Həmçinin vəkili ilə telefon əlaqəsi saxlaya bilmir,” Gülmirə Aslanova qeyd edib.

Onun sözlərinə görə, jurnalist bu gün aclığa başlaması ilə bağlı ərizə ilə cəzaçəkmə müəssisəsinin rəisinə müraciət edib.

Mayın 18-də Müdafiə Xətti Hüquq Müdafiə Təşkilatı da Polad Aslanova qarşı təzyiqlərə son verilməsi tələbi ilə bəyanatla çıxış edib.

“Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyindən və Ombudsman Aparatının əməkdaşlarından xahiş edirik ki, siyasi məhbus Aslanovun sağlıq durumunu humanitar qaydada nəzarətdə saxlasınlar. Penitensiar Xidmətin rəhbərliyindən tələb edirik ki, siyasi dustağa qarşı qeyri-hüquqi, Cəzaların İcrası Məcəlləsində təsbit edilən normalarla bir araya gəlməyən və ayrıseçkilikdən qaynaqlanan davranışa son qoysun”, sənəddə qeyd edilir.

Penitensiar Xidmətdən jurnalistin aclıq aksiyasına başlaması və tələblərinin yerinə yetirilib-yetirilməyəcəyi barədə hələ məlumat almaq mümkün olmayıb.

Aslanov bundan öncə də aclıq aksiyası keçirib. O, 2021-ci il fevralın 1-də apellyasiya şikayətinə baxış zamanı məhkəmədə prosesin obyektivliyinin təmin edilməsini tələb edərək, aclıq elan edib. Jurnalist bir aydan çox aclığı davam etdirib.

2019-cu il noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirir.

ABŞ Dövlət Departamentinin demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun ötən il noyabrın 2-də yaydığı bəyanatında Azərbaycan hakimiyyəti 2019-cu ilin iyunundan bəri Dövlət Təhlükəsizliyi Xidmətindəki korrupsiyanı ifşa etdikdən sonra tutulan Polad Aslanov da daxil olmaqla, əsas azadlıqlardan istifadə etdiyinə görə həbs edilən bütün jurnalistləri sərbəst buraxmasına çağırılıb.

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq-müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG