Accessibility links

Jurnalist cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə yerləşdirilib


Polad Aslanov
Polad Aslanov

Həbsdə olan jurnalist Polad Aslanov Cəzaçəkmə Müəssisəsinin nəzdində yerləşən Tibb Məntəqəsinə yerləşdirilib.

Bu barədə jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Polad Aslanovda əsəb pozuntusu yaranıb, yuxusu pozulub.

“O son vaxtlar əsəb gərginliyindən, yuxusunun pozulmasından şikayət edirdi. Bir ay əvvəl ona sakitləşdirici həb və vitaminlər təyin olunub. Amma, müalicə nəticə verməyib. Poladı bu günlərdə nevropatoloq müayinə edib. Həkim deyib ki, o ya 1 saylı cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülməli, ya da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilməlidir," Aslanova qeyd edib.

Əsəb sistemində problemlərin yaranmasının səbəbinə gəlincə, jurnalistin həyat yoldaşı bunu saxlanma şəraitinin pis olması ilə izah edib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində 1000 məhbus saxlanılır və orada yemək bişirmək üçün cəmi üç plitə var.

“Bundan başqa, administrasiya Polad Aslanova əfv ərizəsi yazması üçün təzyiqlər göstərir,” Gülmirə Aslaniova qeyd edib.

Öz növbəsində, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, bütün cəzaçəkmə müəssisələrində tibbi-sanitar məntəqələr fəaliyyət göstərir, burada yüksək peşəkarlıq səviyyəsinə malik həkimlər işləyir. Tibb məntəqələri zəruri tibbi avadanlıqlarla və dərman preparatları ilə təchiz edilib.

"Məhbusların müalicəsi həkim təyinatı əsasında həyata keçirilir," şöbədən bildiriblər.

Penitensiar Xidmət jurnalistə təzyiqlərin olması barədə fikri isə təkzib edib və əssassız adlandırıb.

Xeberman.com saytının redaktoru Polad Aslanov 2019-cu il noyabrın 16-da İranın xeyrinə dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

"Sərhədsiz Reportyorlar" təşkilatı və digər hüquq müdafiə qurumları Azərbaycan hakimiyyətini jurnalsiti azad etməyə çağırıb.

XS
SM
MD
LG