Sərhədsiz Reportyorlar beynəlxalq media müdafiə təşkilatı mətbuat azadlığı reytinqində Rusiyanı 149-cu yerdə göstərib. Bu reytinqə görə, Rusiya ABŞ-dan 100 pillə geridə, Banqladeş və Venesuela arasındadır. Prezident Vladimir Putinin hakimiyyəti altında Rusiyada müstəqil jurnalistlər ciddi çətinliklərlə qarşılaşır.
Müstəqil Meduza xəbər saytının müxbiri İvan Qolunovun həbs edilməsi Rusiyada yüzlərlə insanın etirazına səbəb oldu.
Rusiya hökumətində korrupsiyaya dair araşdırma aparan jurnalistə qarşı narkotik maddələrin saxlanması ittihamı irəli sürülmüşdü. Qolunov bu ittihamları saxta adlandıraraq rədd edib, onun tərəfdarları jurnalisti müdafiə edib.
Yevgeni Berger, etirazçı.
“Moskvada korrupsiya haqda yazan adamın evində narkotik maddələr istehsal edən laboratiyanın olmasını fikirləşmək doğrudan da ağılsızlıqdır.”
Qolunovun həbsi və sonradan işinə xitam verilməsi başqa bir qalmaqaldan sonraya təsadüf edir.
Kommersant Rusiyanın ən mötəbər qəzetlərindən biridir. Bu yaxınlarda qəzetin iki müxbiri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun vəzifəsindən gedəcəyini deyən mənbəyə istinad edən məqaləni nəşr etdikdən sonra işdən çıxarılıb.
Kommersant qəzetinin siyasət şöbəsinin keçmiş redaktoru Maksim İvanov.
“Biz dəfələrlə mümkün kadr dəyişilikliyi haqda yazmışıq və hər dəfə də kiminsə bunu xoşlamadığı faktı ilə qarşılaşmışıq. Amma biz bu dəfə belə nəticələrə gətirib çıxaracaq reaksiyanı gözləmirdik.”
Jurnalistin işdən çıxarılmasının gözlənilən nəticələri oldu: qəzetin siyasət şöbəsinin bütün 10 jurnalisti istefa verdi.
Kommersant nəşriyyatının keçmiş baş redaktoru Qleb Çerkasov.
“Mən onların peşə vəzifələrini yerinə yetirdiklərinə görə işdən çıxarıldığını biləndə qəzetin nüsxəsini hazırlayırdım, birinci səhifəni yığırdım, amma mən qərara aldım ki, belə vəziyyətdə işləmək olmaz.”
Müşahidəçilərin fikrincə, bu insident dövlət haqqında heç bir mənfi məqalə yazılmasının məsləhət görülmədiyi Rusiyada jurnalistikanın durumunu göstərir.
Exo Moskvı radiosunun şərhçisi Anton Orex.
“Başa düşmək lazımdır ki, jurnalistlərin redaktorlardan başqa daxili senzurası da var. Adamlar anlayır ki, bəzi məsələlər haqda yazmağın heç bir mənası yoxdur, çünki bu məqalələr heç vaxt nəşr edilməyəcək.”
Meduza onlayn xəbər saytı, Dojd tele kanalı, ya da Exo Moskvı radiosu dövlətin və ya Kremlə yaxın olan oliqarxların birbaşa nəzarəti altında olmayan az sayda kütləvi media vasitələridir. Onarın işi illərdir olduqca çətindir. Müşahidəçilər deyir ki, prezident Vladimir Putinin hakimiyyətdə hazırkı dönəmində onların işi təkcə çətin deyil, bəzən hətta təhlükəlidir.