Müxtəlif vaxtlarda həlak olan hərbçilərin valideynləri fevralın 15-də Prezident Administrasiyasının binası qarşısında aksiya keçiriblər. Onlar həlak olanlara "şəhid" statusunun verilməsini tələb ediblər.
"Deyirlər ki, özü-özünü vurub. Ona görə şəhidlik statusu verilmir. Mənim oğlum 1 il 6 ay Murovdağda xidmət edib, 44 günlük müharibədə iştirak edib, medalla təltif olunub. Tərxisə 6 gün qalmış dedilər ki, özü- özünü vurub,"aksiya iştirakçılarından biri deyib.
Valideynlər bildiriblər ki, bütün instansiyalara müraciət ediblər, amma nəticəsiz qalıb. Etirazçıları Prezident Administrasiyasına söhbətə dəvət ediblər.
Bu zaman aksiyanı işıqlandıran reportyorlar Fatimə Mövlamlı və Sevinc Sadıqova saxlanılıb. Jurnalist Sadıqova Amerikanın Səsinə bildirib ki, o və Fatimə Mövlamlı 4 saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.
''Bizi saxlayan zaman təhqir etdilər və döydülər. Səabil rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə və oradan da Bakı şəhər Baş Polis İdarəsinə apardılar. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Vüqar Ələkbərov bizimlə söhbət aparandan sonra sərbəst buraxdılar. Polisin hərəkətindən şikayət verəcəyik," o qeyd edib.
Daxili İşlər Nazirliyinin mətbuat Xidməti bildirib ki, jurnalistlərin saxlanması barədə məlumatları yoxdur.
Rəsmi qurumlar etirazçıların tələbləri ilə bağlı hələ şərh verməyib.