Suriya vətəndaş müharibəsindən qaçan 200 000-dən çox insan İordaniya düşərgəsində məskunlaşıb.
İki çadırın arasındakı mətbəxdə suriyalı qaçqınlar arxada qoyduqları həyatı bərpa etməyə çalışırlar. Om Əhməd böyük ailəsinin qayğısına qalır. “Çox çətin idi. Biz raket, qumbara və tank hücumlarına məruz qalırdıq” - deyə, o bildirir.
Suriyada təhlükəsiz yer tapmadıqları üçün onlar Zəatari qaçqın düşərgəsinə gəlməli oldular. Keçən ildən, 40 min insanın həyatına son qoyan müharibədən qaçan uşaqlar üçün bura daha təhlükəsizidr. Lakin qış yaxınlaşdıqca Om Əhmədin ailəsinin ehtiyacları artıb. Om Əhməd burada həyatın çətin olduğunu və çox şeyə ehtiyac olduğunu deyir. O deyir ki, yağış yağanda su içərİ dolur və onlara başqa çadır lazımdır.
Suriyadakı müharibədən qaçaraq minlərdə çadırda yaşayan başqa qaçqınlar da bu qış aylarında çadırlarını isti saxlamağa çalışır.
BMT-nin İordaniyadakı Suriya qaçqınları proqramında işləyən Endryu Harper xəritədə Dəranın şimal bölgələrini göstərərək çox sayda insanın zorakılıqlardan qaçaraq İordaniya sərhədinə doğru gəldiyini deyir. “Burada ən böyük problemlərdən biri qış aylarında düşərgənin yağışdan, qardan və küləkdən qorunmasının təmin edilməsidir ki, buna da çox pul lazımdır.”
Düşərgəyə yardım əsasən Səudiyyə Ərəbistanından gəlsə də, çatışmamazlıqlar tez bir zamanda həll olunmur.
Bu düşərgədə insanlar kiçik bizneslərini də qurmağa çalışırlar. Qaçqın Kərim Səlimat burada ayaqqabı satır. “Burada mallar çox baha olduğu üçün biz malları qırağdan gətirməli oluruq” deyə, o bildirir.
Buradakı səyyar xəstəxanaya təchizat və dərmanlar yaxın zamanda Mərakeşdən gətiriləcək. Əczaçı Əbu Əl-Xeyir İbrahim: “Vəziyyət əsasən qışda, soyuq olanda xəstələnmək ehtimalı çoxalanda ciddiləşir.”
Düşərgənin psixiatrı post-travma hallarına tez-tez rast gəlindiyini deyir, amma xəstələr nadir hallarda evlərindən qaçmaqdan şikayət edirlər. Doktor Bin Əli: “Onlar hər zaman evlərinə qayıtmaq və həyatlarını sahmana salmaq ümidi ilə yaşayırlar.”
Bu qaçqın düşərgəsində yaşayan Om Əhməd Suriya presidenti Bəşar Əl-Əsəd hakimiyyətdən getdikdən sonra evinə dönəcəyini deyir. “Bizim nə vaxt geri dönəcəyimizi yalnız Allah bilir və bu, Allahın izni ilə olacaq. Yəqin Bəşar getdikdən sonra geri dönəcəyik.”
Lakin müharibə sabah qurtarsa belə, Om Əhməd kimi qaçqınların tez bir zamanda geri dönməsi mümkün deyil, çünki onların yaşamağa evləri yoxdur. Yeni evlərin tikilməsi üçün isə uzun zaman lazım olacaq.