Yaponiyanın Baş naziri Şinzo Abe İslam Dövləti qrupunun yeni yayımlanan videoda göstərilən iki yapon girovu dərhal azad etməsini tələb edib. Videoda yaraqlılar Yaponiyadan 200 milyon dollar tələb edib bə bu məbləğ verilmədiyi təqdirdə girovların öldürüləcəyi ilə təhdid edib.
Cənab Abe İslam Dövləti qrupuna müraciətini ingilis dilində danışan qara geyimli yaraqlılar və əlində bıçaq olan şəxsin narıncı geyimdə dizi üstə oturmuş iki yapon girovla birlikdə nümayiş etdirildiyi videonun yayılmasından bir neçə saat sonra edib.
Videodakı yaraqlı girov götürülən şəxslərin adlarının Kenzi Qoto və Haruna Aykava olduğunu deyib və Yaponiyanı İslam Dövləti qrupuna qarşı mübarizədə Qərbi dəstəkləməsini tənqid edib.
Yaponiya hərbi qüvvələri Birləşmiş Ştatların başçılığı ilə İraq və Suriyada İslam Dövləti yaraqlılarına qarşı 1700-dən çox hava hücumunu həyata keçirən koalisiyaya daxil deyil. Keçən həftənin şənbə günü cənab Abe sünni ekstremistlərə qarşı döyüşən ölkələrə 200 milyon dollar qeyri-hərbi yardım verəcəyinə söz verib.