Yaponiyada bazar günü keçirilən parlament seçkilərində mühafizəkar müxaliflərin qələbəsi keçmiş baş nazir Şinzo Abenin hakimiyyətə gəlməsinə yol açıb.
Yaponiya siyasətində bir zamanlar dominantlığa malik olan Liberal Demokratik partiya mərkəz-solçu iqtidarın üç illik idarəsindən sonra yenidən hakimiyyətə qayıdır.
Yaponiya tele-kanalı NHK keçmiş baş nazir Şinzo Abenin başçılıq etdiyi Liberal Demokratik partiyanın 480 yerlik parlamentdə 293, onun koalisiya üzrə tərəfdaşı olan Yeni Komeyto partiyasının isə 31 yer aldığı haqda məlumat verib. Bu, iqtidarda olan Yaponiya Demokrat partiyasının yeganə ən böyük partiya olduğu yuxarı palatada dəyişiklik yaratmaq üçün kifayətdir.
Hazırkı baş nazir Yuşihiko Nodanın başçılıq etdiyi Yaponiya Demokrat partiyasının partlamentdə 57 yer qazandığı deyilir.
ABŞ prezidenti Barak Obama cənab Abeni partlament seçkilərində uğur əldə etdiyinə görə təbrik edib və Yaponiyanın yeni hökuməti ilə yaxından əməkdaşlıq etmək istədiyini bildirib. Cənab Obama yazılı bəyanatında ABŞ və Yaponiya arasında mütəfiqlik münasibətlərinin əhəmiyyətini vurğulayaraq, bu münasibətlərin regionda sülh və sabitliyin məhək daşı olduğunu bildirib.
Təhlilçilər bildirir ki, Liberal Demokrat partiyasının qələbəsi Çinlə Sakit okeanı hövzəsində ərazi mübahisələrində daha sərt mövqe tutan və 2011-ci ildə nüvə fəlakətinə baxmayaraq, nüvə enerjisini dəstəkləyən bir hökumətin hakimiyyətə gəlməsi demək olacaq.
Cənab Abe həmçinin son bir zamanlar dinamik inkişaf edib son 12 ildə dördüncü dəfə tənəzzül dövrü keçirən Yaponiya iqtisadiyyatının canlandırılması üçün ictimai təşəbbüslərə daha artıq maliyyə ayrılacağına söz verib.