Accessibility links

İtaliyada son 24 saatda ölənlərin sayı 743 nəfər oldu


Fevralın sonunda İtaliyanın zəngin şimal bölgəsi olan Lombardiyada infeksiyanın yayılmasından bəri maska çatışmazlığı milli səhiyyə sistemindəki ən böyük problemlərdən biridir.

İtaliyada digər ölkələrə nisbətən daha çox insan koronavirusdan ölüb. Çərşənbə axşamı günü ölənlərin sayı 743-ə, bu günə kimi isə 6820-ə çatıb.

“Son bir neçə gündə çox çətin anlarımız oldu. Səbəb olduqca sadədir: bu müharibə üçün lazım olan silahlar İtaliyada istihsal olunmur" - deyə, komissar Domeniko Arkuri jurnalistlərə bildirib.

Arkuri virusun sürətlə yayılması və digər ölkələrin lazımi tibbi avadanlığı əldə etməyə tələsməsinə görə maska çatışmazlığı da daxil olmaqla, bir sıra maddi-texniki problemləri həll etmək üçün bu ayın əvvəli hökumət tərəfindən təyin olunub.

“Qoruyucu maskalar makaron kimi deyil. Onları mağazalarda satın ala, ya da onlayn olaraq ala bilməzsiniz. Lazım olduğu yerlərdə tapılmır. Biz çox mürəkkəb və ağır ticarət müharibəsi yaşayırıq" - deyə, o qeyd edib.

Arkuri əlavə edib ki, İtaliyanın maskaya aylıq tələbatı 90 milyondan artıqdır. Buraya hissəcikləri ən çox filtrdən keçirən və yoluxmuş xəstələrlə iş zamanı səhiyyə işçilərinin geyinməsi lazım olan FFP2 və FFP3 maskaları daxildir.

Maska çatışmazlığı aradan qaldırmaq üçün İtaliya milli şirkətləri və moda brendlərini səfərbər edib və Arkurinin verdiyi məlumata görə, onlar tezliklə ölkənin ehtiyac duyduğu maskaların yarısını istehsal edə biləcəklər.

"96 saat ərzində İtaliya istehsalçılarından ibarət konsorsium maskaların istehsalına başlayacaq" - deyə, komissar vurğulayıb.

O həmçinin əlavə edib ki, hökumətin son qərarı ilə maska istehsal etmək üçün zavodları yeni istiqamətdə çalışmağa hazırlaşan şirkətlərə 50 milyon avro (54 milyon dollar) məbləğində güzəştlər ayrılıb.

"Ümid edirəm ki, yüzlərlə italyan şirkəti bu fürsətdən istifadə etməyə çalışacaq" deyən Arkuri yerli istehsalda inkişafın sürətlənməsinin vacibliyini vurğulayıb.

Arkuri İtaliyanın növbəti iki ay ərzində hər həftə Çindən 14 milyon maska, o cümlədən 8 milyon FFP2 maska alacağını açıqlayıb.

"Ümid edirəm ki, xaricdən gələn təchizatla iki ay ərzində tələbatımızı ödəsək, həmin zaman kəsiyində də öz istehsalımızı qura bilsək, onda özümüz öz tələbatımızı qarşılaya biləcəyik" deyə, komissar bildirib.

XS
SM
MD
LG