Accessibility links

İtaliyada hökumət mənbələri bütün məktəblər və universitetlərin bağlanacağını bildirir


İtaliya hökuməti yayılmaqda olan koronavirusun qarşısını almaq üçün cümə axşamından etibarən bütün məktəbləri və universitetləri bağlayır.

Bu günə qədər yalnız epidemiyadan ən çox zərər çəkmiş şimal bölgələrindəki məktəblər və universitetlər bağlanmışdı.

İtaliyada çərşənbə axşamı gününə qədər 79 nəfər koronavirusdan ölüb. 13 gün əvvəl yayılmağa başlayan virus 2500-dən çox insanda aşkarlanıb. Mənbə bildirib ki, məktəblərin bağlanması müddətinin uzadılması ən azı martın ortalarına qədər davam edəcək.

Artan narahatlığın başqa bir əlaməti isə İtaliyanın idman nazirinin kökumətin epidemiya zəifləyənə qədər A Seriyasının bütün futbol oyunlarının bağlı qapılar arxasında (azarkeşsiz) keçirilməsi ilə bağlı qərar verəcəyinin gözlənildiyini bildirməsi olub. İndiyə qədər şimal bölgələrində oyunlar ləğv edilsə də, ölkənin digər bölgələrində oyunların keçirilməsi davam edirdi.

Virusun yayıldığı əsas bölgələr Milan ətrafındakı zəngin və əhalisi sıx olan Lombardiya və qonşu Veneto ilə Emiliya Romanyanı əhatə edir. Lakin yoluxma halları bütün yarımadaya yayılır.

Romanın Spallantsani yoluxucu xəstəliklər xəstəxanası çərşənbə günü orada 20 koronavirus xəstəsi olduğunu, digərlərinin isə İtaliya paytaxtı və ən böyük şəhərinin özü və ətrafında evdə müalicə aldığını bildirib.

Siciliya adasının cənubunda 18 yoluxma halının aşkarlandığını qeyd edb.

Emiliya Romanyanın regional hökuməti çərşənbə günü iki üzvünün test nəticələrinin müsbət olduğunu açıqlayıb.

Epidemiya şimalda gündəlik həyatı ciddi şəkildə pozub, kinoteatrlar, muzeylər və digər ictimai yerlər bağlanıb. Həmçinin moda nümayişləri və ticarət yarmarkaları da daxil olmaqla bir çox tədbirlər ləğv edilib.

Milli Səhiyyə İnstitutu insanlara əllərinin tez-tez yuyulmasını, başqalarından ən azı bir metr məsafədə dayanmağı, bir-birlərini qucaqlamamağı və izdihamlı yerlərdən çəkinməyi tövsiyə edir.

Çərşənbə günü hökumət ictimai sektor rəhbərlərinə işçilərin evdən işləmələrini təmin etmək üçün ofislərin yenidən təşkil edilməsi ilə bağlı təlimat verib.

İtaliyanın zəif iqtisadi artımının turizm sektorunda tətillərin ləğv edilməsi nəticəsində itkilərə görə ciddi zərər görəcəyi gözlənilir. Sənaye lobbisi olan Konfindustriya ölkənin bu ilin birinci və ikinci rübündə ümumi daxili məhsulun azalacağını proqnozlaşdıraraq, iqtisadi geriləmə olacağını vurgulayıb.

XS
SM
MD
LG