Accessibility links

İtaliyada 16 milyon insan karantin altındadır


İtaliyada koronavirusa qarşı mübarizə çərçivəsində ölkənin şimalında 16 milyon insanın yaşadığı bölgə karantinə alınıb.

Bölgədə səfər etmək üçün insanlar icazə almalıdır. Karantin haqda qərar Milan və Venesiya şəhərlərinə də təsir göstərir.

Bu səbəbə görə Milanın yerləşdiyi Lombardiya bölgəsindən icazəsiz çıxmaq olmaz.

Eyni məhdudiyyət Venesiya və Parma da daxil olmaqla, 14 digər bölgədə tətbiq olunub.

Baş nazir Cuzeppe Konte bu bölgələrdə yaşayanların işlə bağlı fövqəladə hallar və ya sağlamlıq səbəbi istisna edilməklə bölgəni tərk edə bilməyəcəyini açıqlayıb.

Restoran və kafelər karantin altındakı yerlərdə səhər saat 6-dan axşam saat 18-dək açıq ola bilər, lakin müştərilər bir-birindən bir metr aralı məsafədə oturmalıdır.

Baş nazir Konte ölkə daxilində bütün məktəblər, idman zalları, muzeylər və gecə klublarının bağlandığını da bildirib.

Bu tədbirlərin aprelin 3-dək davam edəcəyi qeyd edilib.

İtaliya Avropa qitəsində koronavirusa yoluxma hallarının ən çox olduğu və Çindən sonra koronavirusa yoluxma nəticəsində ən çox insanın öldüyü ölkədir. Bazar günü axşam İtaliyada koronavirusa 7,375 yoluxma halı və 366 ölüm hadisəsi qeydə alınıb.

Bu arada, koronavirus epidemiyasının baş qaldırdığı Çindən kənarda virusa ən çox yoluxma hallarının təsdiq edildiyi ölkələrdən biri olan İran Avropa qitəsinə bütün uçuşları dayandırıb. İranda yoluxma hallarının sayı 6500 nəfəri keçib, həyatını itirənlərin sayı isə 200-ə çatıb.

XS
SM
MD
LG