Accessibility links

İstehsal artırsa, idxal niyə artır?


Rəsmi məlumatlarda bir tərəfdən kənd təsərrüfatında məhsul istehsalının artdığı deyilir, digər tərfədən Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda xaricdən ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarında artım olduğu qeyd edilir.

Prezident İlham Əliyev iyulun 21-də Dövlət Televiziyasına müsahibəsində deyib ki, Azərbaycanda son 6 ayda kənd təsərrüfatında 5,6 faiz artım olub. Dövlət başçısı artımı əhəmiyyətli sayaraq bildirib ki, keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faizdir:

“Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Fermerlər də bunu görür və bu sahəyə daim dövlət dəstəyi olacaq. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istədiyimiz qədər inkişaf edə bilməz”.

Amma eyni zamanda, Dövlət Statistika Komitəsinin də statistik məlumatlarına görə, bu ilin 6 ayında ölkəyə taxıl gətirilməsi artıb.

Bəs görək, bu fərqli halları deputatlar, ekspertlər necə dəyərləndirirlər?

Dövlət başçısının səsləndirdiyi rəqəmin doğru olduğunu söyləyən deputat Rüfət Quliyev bildirir ki, Azərbaycanda min hektarlarla istixanaların olduğunu nəzərə alın:

“Təbii ki, biz rəqəmin 5,6 faiz yox, 10-15 faiz olmasını istərdik”

“Konkret olaraq, Şəmkir rayonunda, Bakının kəndlərində istixanalar var. İkinci, Qubada da aqrar sektorla bağlı böyük işlər gedir, yeni bağlar salınıb. Əksər rayonlarda bunları görmək olar, Lənkəranda da bu yöndə işlər görülüb. Məncə, sadaladıqlarımın hesabına böyük artım müşahidə oluna bilər. Təbii ki, biz rəqəmin 5,6 faiz yox, 10-15 faiz olmasını istərdik. Reallıq budur, inkişaf bu formada gedir, artım da var. Ona görə statistik rəqəmlər doğrudur. Dövlət də müəyyən addımlar atır, fermerlərə subsidiyalar verir, kifayət qədər texnika gətirilir, müvafiq qanunlar qəbul edilir”.

“Azərbaycanda buğda əkilir, amma... ”

Ölkəyə buğda gətirilməsindəki artıma gəlincə, Rüfət Quliyev deyir ki, Azərbaycanda buğda əkilir, amma istənilən keyfiyyətdə olmur:

Rüfət Quliyev
Rüfət Quliyev

“Tarixən buğda Rusiya və Qazaxıstanda əkilib, bu ölkələrin təcrübəsi daha çoxdur. Ümumiyyətlə, Azərbaycanın öz tələbatını ödəyən istənilən məhsulu yetişdirmək üçün təbii və iqtisadi şərait olmalıdır, hazırda iş gedir. Ancaq buğda bizim yerli məhsul deyil, tarixən daha çox meyvə-tərəvəz, bostan məhsulları olub. Buğdanı əlimizdə olan imkanlar daxilində artırmalıyıq. ”

Deputat vurğulayır ki, söhbət texniki buğdadan getmir:

“Çörək istehsalı üçün nəzərdə tutulan buğdadan gedir. Hələ bizdə lap yüksək sort un buğdası alınmır”.

Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov isə təəssüflənir ki, Azərbaycanda kənd təsərrüfatı məhsulunun istehsal həcmini dəqiq müəyyən etmək mümkün deyil. O, Azadlıq Radiosuna deyib ki, yerlərdə kəndlilərin, fermerlərin istehsal etdikləri məhsulun dəqiq uçotu, statistikası aparılmır:

“Dövlət Statistika Komitəsi kənd təsərrüfatı məhsulu istehsalı ilə bağlı təxmini statistik məlumat bazasını formalaşdırmaq üçün 5 rayon üzrə məlumat toplayır və həmin məlumatları respublika üzrə ümumiləşdirir. Baxın, 2020-ci ilin birinci yarımilliyindən 1 il keçsə də, ölkə başçısı indi deyir ki, “keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz...” Yəni 2020-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatında artımın nə qədər olduğunu ölkə başçısı hələ də dəqiq deyə bilmir, deyir ki, “təqribən 3 faiz, 3,5 faiz””

“Kabinetlərdə hazırlayıb, razılaşdırılır və... ”

Onun deməsinə görə, istehsalla bağlı məlumatları yerli statistika şöbələri, aqrar inkişaf mərkəzləri, rayon icra hakimiyyətləri kabinetlərdə hazırlayıb, razılaşdırılır və müvafiq Komitəyə ötürürlər :

“İkinci, Pandemiya 2020-ci ilin mart ayının əvvəllərində elan edildi. “Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz” deməklə, ölkə başçısı keçən ilin yanvar-fevral aylarının göstəricilərini bu ilin altı ayın göstəriciləri ilə müqayisə etmək istəyib? Belədə bu müqayisə çox qüsurludur. Ona görə ki, birinci yarımillikdə bitkiçilik məhsulları istehsalı əsasən mart-iyun aylaraında həyata keçirilir”.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Ekspert deyir ki, 4-5 il əvvəl Dövlət Statistika Komitəsi rüblük, yarımillik istehsal göstəricilərini açıqlayırdılarsa, indi rəqəmləri gizlədirlər:

“... İnhisarçıların nəzarətindədir”

“Təsəvvür edin ki, ötən il ölkədə nə qədər buğda istehsal olunduğu barədə rəqəm əldə etmək mümkün deyil, yalnız təxmini hesablamara görə deyə bilərəm ki, ötən il 311 min ton buğda istehsalı azalıb. Onun hesabına bu ilin 6 ayında buğda idxalı 12 faiz artıb, yəqin yaxın aylarda da artacaq. Bilirsiniz ki, idxal da, buğda istehsalı da inhisarçıların nəzarətindədir. Onlar istehsalın azalacağı ilə bağlı məlumatlı olduqları üçün buğda idxalını artırıblar”.

Vahid Məhərrəmov bu il tərəvəz idxalının 9.3, ixracın isə 1 faiz artdığını vurğulayaraq əlavə edib ki, istixana şəaritində yetişdirilən tamat ixracında 23,5 faiz azalma var:

“İxrac azalır, idxal artır və göstərirlər ki, bitkiçilikdə 8,9 faiz artım var. Sual yaranır, əgər bu artım varsa, niyə idxalımız artır, xüsusilə qış mövsümundə yetişdirilən tərəvəz, yaxud niyə ixracımız azalır? Məsələn, tomat keçən il 148.8 min ton, bu il 113.8 min ton ixrac olunub, fərq böyükdür. İkincisi, meyvə-tərəvəz ixracında olan 1 faiz artım keçən il istehsal olunan almanın və xurmanın hesabınadır. Yəni 2020-ci ildən qalan məhsuldur ”.

Bu fikirlərə, hələlik, Dövlət Statistika Komitəsindən münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG