İranın nüvə razılığını qoruyub saxlamaq üçün danışıqlar aparan baş vasitəçisi şənbə günü deyib ki, bəzi irəliləyişlər əldə olunsa da, yekun razılığa gəlmədən öncə hələ çox iş görülməlidir.
İran və dünya qüdrətləri bu ayın əvvəlində ABŞ-ın üç il öncə geri çəkildiyi 2015-ci il nüvə razılığını bərpa etmək üçün başlatdığı danışıqları davam etdirirlər.
Danışıqlarda Çini təmsil edən nümayəndə deyib ki, 2015-ci ildə əldə olunan razılığın digər üzv ölkələri, ABŞ-ın Tehrana tətbiq etdiyi hansı sanksiyaların qaldırılacağı və İranın razılığa yenidən əməl etmək üçün hansı addılmar atmalı olduğu kimi məsələləri həll etmək üçün səyləri sürətləndriməyə qərar veriblər.
Razılığa gəlmək İranın bu həftə uranı zənginləşdirmə səviyyəsini 60 faizə çıxaracağını elan etməsindən sonra çətinləşib.
Tehranın uranı zənginləşdirmə proqramını sürətləndirməsinə dair açıqlaması ötən həfrə Natanz nüvə obyektinə hücumdan sonraya təsadüf edib. İran həmin hücuma görə İranın onun mövcudluğuna hədə olduğunu dediyi düşməni olan İsraili günahlandırır.
Vyanada danışıqlar davam etdiyi bir vaxt İranın dövlət televiziyası 43 yaşlı Rza Kəriminin hücumda şübhəli şəxs olduğunu və onun insidentdən “bir neçə saat əvvəl” ölkəni tərk etdiyini bildirib.
Dövlət televiziyasında Kərimi olduğu və İranın Kəşan şəhərində dünyaya gəldiyi bildirilən şəxsin pasport şəkli göstərilib.
"Onun həbsi və ölkəyə qaytarılması üçün qanuni yollarla lazımı addımlar atılır,” dövlət televiziyasında deyilib.
Avropa İttifaqı şənbə günü danışıqlarda Aİ-nın rəsmiləri ilə Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və İranın nümayəndə heyətlərinin iştirak edəcəyini bildirib.
2015-ci ildə əldə olunan və Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan razılıq İranın nüvə proqramını məhdudlaşdırması müqabilində ölkəyə tətbiq olunan sanksiyaları azaldırdı. Razılıq Vyanada İran, Almaniya və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvü olan Çin, Fransa, Rusiya Britaniya və ABŞ arasında əldə olunub.
ABŞ 2018-ci ildə ozamankı prezident Donald Trampın rəhbərliyi altında razılıqdan geri çəkilib və eyni zamanda İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Tramp sələfinin vasitəçiliyi ilə əldə olunan razılığı qınayaraq, onun İranın xoşagəlməz davranışına son qoymaq üçün kifayət olmadığını bildirib. İran bundan bir il sonra cavab olaraq razılıqda nüvə fəaliyyətinə qoyulan məhdudiyyətləri pozmağa başlayıb.