Heç kəs cümə günü İranın baş generalının ABŞ tərəfindən öldürülməsinə qisas olaraq nəyi harada vuracağını bilmir, lakin çoxları Tehranın hansısa formada cavab verəcəyinə əmindir. Təhlilçilər xəbərdarlıq edir ki, İraq, Suriya, Livan və Yəməndəki əlaltıları vasitəsilə İranın çoxlu hədəf seçimi var.
Britaniya baş naziri hərbi müşavirlərin regiona əlavə 400 əsgər göndərmək planını rədd edib. Əvəzində, Boris Conson mövcud qüvvələrin daha ağır silahlarla silahlanmasına üstünlük verir. Habelə o, Britaniya qüvvələrinin əsas missiyasının diplomatik heyəti qorumağa yönəldilməsini istəyir.
Güman ki, İran regiondakı əlaltıları vasitəsilə ABŞ və onun müttəfiqlərinə zərbə endirməyə çalışacaq.
Britaniya Müdafiə Naziri Ben Wallace Kral Donanmasının iki gəmisini İran körfəzinə yollayaraq onlara neft tankerlərini müşayiət etməyi tapşırıb.
Fransa və Hollandiya ABŞ-dan nümunə götürərək vətəndaşlarına İraqı tərk etməyi tövsiyə edirlər.
Müxtəlif səviyyələrdə Vaşinqtonun Avropa müttəfiqləri General Qasim Süleymaninin hədəf alınmasından acıqlarını ifadə ediblər, hərçənd ki, onlar da Süleymaninin terror fəaliyyətlərində bulunduğunu etiraf edirlər.
Britaniya və digər Avropa müttəfiqlərinin kifayət qədər yardımçı olmadıqlarından gileylənən Pompeo əlavə edib ki, “britaniyalılar, fransızlar və almanlar hamısı anlamalıdırlar ki, bizim etdiyimiz Avropada da həyatları xilas edib.”
İsrail hərbi liderləri müdafi mövqelərini möhkəmləndirərək Süleymaninin qisasını almaq üçün Hezbollahdan hücum gözləyirlər.
İranın Hədəfləri
Qətər regionda bir sıra İran diplomatik təşəbbüslərini dəstəklədiyinə görə bu ölkənin hücuma hədəf olacağı ehtimal edilmir. Lakin İranda şiə rejiminin qatı düşmənləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hücumlar olacağını gözləyirlər.
“İraqdan əlavə İsrail və ABŞ-ın körfəz müttəfiqləri, ələlxüsus Bəhreyn İranın qisa ölçülərinə səhnə ola bilər,” deyə Vaşinqtonda qərargahlanan Yaxın Şərq İnstitutunun analtiki Çarlz Lister bildirir.
Səudiyyə və BƏƏ-nə qarşı hücumlar güman ki, İranla yaxın müttəfiq olan Yəməndəki Husi üsyançılarından qaynaqlanacaq.
Avropa kəşfiyyat rəsmiləri İranın kiber-hücumlar törədəcəyindən ehtiyat edirlər. Belə ki, 2017-ci ildə İran Britaniyanın parlament kompüter sisteminə hücum edərək bir neçə Britaniya nazirinin email hesablarını qırmışdı.
Britaniyalı kəşfiyyat rəsmisi Amerikanın Səsinə deyib ki, hücum obyekti olaraq Avropa dövlətləri arasında yəqin ki, yalnız Böyük Britaniya seçiləcək. Belə ki, İran Vaşinqtonla kontinental Avropa dövlətləri arasındakı fikir ayrılığını dərinləşdirməyə can atır.
Qarşıda duran əsas sual İranın Süleymaninin ölümünün qisasını almaq üçün nə qədər uzağa gedib-getməyəcəyidir.
Hərbi baxımdan İran ABŞ-dan xeyli zəifdir. Üstəlik, ABŞ-ın regionda Səudiyyə Ərəbistanı və İsrail ikimi qüdrətli müttəfiqləri var. İrana ABŞ-la birbaşa müharibə sərf etmir. Bu qüvvə balansı yəqin ki, Tehranın Vaşinqtona qarşı birbaşa əməllərinin miqyasını məhdudlaşdıracaq, deyə təhlilçilər proqnozlaşdırır.