Accessibility links

İrandan gətirilən 55 kiloqramdan çox narkotik götürülüb


Azərbaycanın Dövlət Sərhəd Xidməti mayın 10-da və 11-də 55 kiloqram 360 qram narkotikin İrandan Azərbaycana gətirilməsinin qarşısını alıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, mayın 10-da Astara rayonunun (Bakıdan 317 kilometr cənub) Orucməhəllə kəndi yaxın­lığında ümumi çəkisi 11,9 kiloqram olmaqla 4900 qram “Marixuana”, 3450 qram “Heroin”, 1550 qram “Tiryək”, 2000 qram “Metafetamin”, 3800 ədəd “Metadon M-40” həbi aşkar olunub.

Mayın 10-da daha bir əmə­liy­yat nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxın­lı­ğın­da 5,56 kilo­qram “heroin” aşkar olunub.

Mayın 11-də isə Beyləqan rayonunun (Bakıdan 291 kilometr cənub-qərb) Əhmədli kəndi yaxın­lı­ğında 1 nəfər sərhəd pozucusu aş­kar edilib və o, əşyalarını ataraq İran ərazisinə qaçıb.

Onun əşyalarından ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19180 qram “tiryək”, 16305 qram “heroin”, 2415 qram “ma­­ri­xuana” aşkar olunub.

Son ay ərzində demək olar ki, hər gün İrandan gətirlən narkotik maddələrin tutulması ilə bağlı rəsmi məlumatlar yayılır. Son günlərdə 340 kiloqramdan çox narkotik tutulub.

Ümumilikdə son illər ərzində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən tonlarla narkotik tutulub, onlarla insan saxlanılıb.

İki ölkə yüksək rəsmiləri sərhəd təhlükəsizliyi məsələlərini dəfələrlə müzakirə etsə də narkotik qaçaqmalçılığı ilə bağlı statistika artmaqda davam edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ölkədə qeydə alınan 26 672 cinayət hadisəsinin 4 383-ü və ya 16,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Müqayisə üçün - 2019-cu ildə narkotik cinayəti hadisələrinin sayı 2018-ci illə müqayisədə 1144 ədəd artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə qeydə alınan 26 381 cinayət hadisəsinin 3 239-u və ya 12,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Statistika Komitəsinin məlumatında deyilir ki, 2019-cu ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 3 464 nəfər (onlardan 2,8 faizi əcnəbilər) cinayət törətmiş şəxs müəyyən edilib, onların da 98,8 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,2 faizi isə cinayət məsuliyyətindən azad edilib.

Cinayət törətmiş şəxslərdən 70,3 faizi heç yerdə işləməyən və oxumayanlar olub. Cinayət törədənlərin 0,4 faizini yetkinlik yaşına çatmayanlar, 23,6 faizini 18-29 yaşlı gənclər təşkil edib.

2019-cu ildə müsadirə edilən 3 317,5 kiloqram narkotik maddələrin 2 066,6 kiloqramını heroin, 822,1 kiloqramını marixuana, 288,2 kiloqramını tiryək, 22,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 4 kiloqramını kokain, 113,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

XS
SM
MD
LG