Son günlər hüquq mühafizə orqanları, sərhəd xidməti İrandan Azərbaycana gətirilən 280 kiloqramdan çox narkotik vasitə, minlərlə amplua narkotik tərkibli həblər aşkar edərək götürüb. Çoxsaylı narkokuryerlər həbs edilib.
Bütün hallarda narkotik daşıyıcılarından odlu silahlar aşkar edilib, bəzi hallarda isə Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşlarına, sərhədçilərə atəş açmaqdan belə çəkinməyiblər. Son dövrdə sərhəddə atışma zamanı onadək Azərbaycan və İran vətəndaşları ödürülüb, yaralanıb.
Ümumilikdə son illər ərzində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən tonlarla narkotik tutulub, onlarla insan saxlanılıb.
İki ölkə sərhəd təhlükəsizliyi məsələlərini dəfələrlə müzakirə etsə də, rəsmi qurumlar əvvələr hər həftə, son zamanlar isə demək olar ki, hər gün İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır.
Məlumatların təhlili göstərir ki, narkotiklər Azərbaycana quru sərhədləri və Xəzər dənizi vasitəsi ilə gətirilir.
Statistika: Son ildə 1144 narkotik cinayəti artıb
Dövlət Statistika Komitəsimnin məlumatına görə, 2019-cu ildə ölkədə qeydə alınan 26 672 cinayət hadisəsinin 4 383-ü və ya 16,4 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Müqayisə üçün bildirək ki, 2019-cu ildə narkotik cinayəti hadisələrinin sayı 2018-ci illə müqayisədə 1144 ədəd artıb.
Narkotik cinayəti törətmiş şəxslərdən 70,3 faizi heç yerdə işləməyən və oxumayanlar olub. Cinayət törədənlərin 0,4 faizini yetkinlik yaşına çatmayanlar, 23,6 faizini 18-29 yaşlı gənclər təşkil edib.Dövlət Statistika Komiotəsinin məlumatından sitat
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə qeydə alınan 26 381 cinayət hadisəsinin 3 239-u və ya 12,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.
Statistika Komitəsinin məlumatında deyilir ki, 2019-cu ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 3 464 nəfər (onlardan 2,8 faizi əcnəbilər) cinayət törətmiş şəxs müəyyən edilib, onların da 98,8 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,2 faizi isə cinayət məsuliyyətindən azad edilib.
Cinayət törətmiş şəxslərdən 70,3 faizi heç yerdə işləməyən və oxumayanlar olub. Cinayət törədənlərin 0,4 faizini yetkinlik yaşına çatmayanlar, 23,6 faizini 18-29 yaşlı gənclər təşkil edib.
2019-cu ildə müsadirə edilən 3 317,5 kiloqram narkotik maddələrin 2 066,6 kiloqramını heroin, 822,1 kiloqramını marixuana, 288,2 kiloqramını tiryək, 22,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 4 kiloqramını kokain, 113,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
2019-cu ildə 122 xarici ölkə vətəndaşı olan narkokuryer saxlanılıb
2019-cu il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 122 nəfər əcnəbi (91 İran, 16 Gürcüstan, 5 Rusiya, 3 Ukrayna, 3 Pakistan, 2 Türkiyə, 1 Boliviya və 1 Braziliya vətəndaşı) və 1 vətəndaşlığı olmayan şəxs barəsində müvafiq tədbirlər görülüb, 79 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib”, bu barədə Daxili İşlər Nazirliynin məlumatında deyilir.
Dövlət proqramı
Azərbaycan hökuməti hazırda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün” dövlət proqramını həyata keçirir.
Dövlət proqramında deyilir ki, Azərbaycanda insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib.
Ölkədə 1996-cı il avqustun 26-dan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulub.
“Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlər dövlət proqramının qarşısında duran əsas məsələlərdəndir,” dövlət proqramında deyilir.
Abbasəli Həsənov: Regiondakı müharibələr narkotik tranzitinin artmasına səbəb olur
Abbasəli Həsənov narkotiklərin əsas marşrutlarnın yer aldığı İran və Tacikistanda Azərbaycanın keçmiş səfiri olub.
Həsənov Amerikanın Səsinə müsahibəsində deyib ki, regionda narkotikin son illərdə geniş yayılmasının əsas səbəbi Əfqanıstanda və Orta Şərqdə yaranain hərbi-siyasi böhrandır.
“Bu gün narkotik maddələrin istehsalının əsas mənbəyi Əfqanıstandır. Narkotiklər Əfqanıstan qanunsuz yollarla İrana gətirilir və cinayətkar qruplar oradan isə region ölkələri vasitəsi ilə bacardıqları qədər geniş miqyasda yayırlar. O cümlədən də narkotikləri İrandan Azərbaycana keçirir və buradan da şimala, Rusiyaya, oradan isə Avropa ölkələrinə daşınmasını təmin edirlər,” o qeyd edib.
Keçmiş səfir narkotik tranzitinin artmasının səbəblərindən danışarkən deyib ki, ilk növbədə Əfqanıstanla İran sərhədinin relyefi çətin olduğundan orada nəzarət mümkün deyil.
Narkotikləri İrandan Azərbaycana keçirir və buradan da şimala, Rusiyaya, oradan isə Avropa ölkələrinə daşınmasını təmin edirlər.Abbasəli Həsənov, keçmiş səffir
“Əfqanıstan tərəfdən sərhədə nəzarətdən ümumiyyətlə danışmağa dəyməz, İran tərəfi isə nəzarət təşkil etsə də tam nəzarət edə bilmir. Mənim yadımdadır ki, səfir olan zamanlar İran sərhəddəki avtomobil yollarında geniş xəndəklər qazmışdı ki, avtomobillər keçə bilməsin. Bununla yanaşı, sərhəd sıldırım dağlardan keçir və narkokuryerlər ev heyvanları vasitəsi ilə həmin dağları aşa bilir. Həmin hərəkətlər eyni ilə də Tacikistan sərhədində baş verir. Əfqanıstanla Tacikistan arasında 1440 kilometr sərhəd var. Orada da sərhədin çox böyük bir hissəsi nəzarətsizdir. Mən bir dəfə Bədəşxan tərəfdə çay boyu təxminən 80 kilometr avtomobillə getmişəm. Orada sərhəddəki çayın nə Əfqanıstan, nə də Tacikistan tərəfində görmədim.”
Həsənov Azərbaycanın İranla sərhədindən narkotiklərin keçirilməsinin sayının artmasının səbəblərini son illərdə Orta Şərq ölkələrində və Əfqanıstandakı müharibələrdə görür.
“Regionda narkotik tranzitinin trayektoriyasına baxsaq, burada regionda, o cümlədən İraqda, Suriyada, digər ərəb ölkələrində baş verən hərbi qarşıdurmalar fonunda səhrəd nəzarətində boşluqalrın olduğunu görürük. Sərhədlərdəki boşluqlar da öz növbəsində narkotiklərin qanunsuz ticarəti ilə məşğul olan cinayətkar dəstələr üçün yaxşı şərait yaradır. Ona görə də Azərbaycan və digər region ölkələrindən narkotranzit üçün istfadəyə cəhdlər artır. Dövlətlər sərhəd nəzarətini nə qədər gücləndirsələr də narkotik ticarətçiləri müvafiq olaraq daha hiyləgər yollar və mexanizmlər düzəldir,” keçmiş səfir qeyd edib.
Həsənov Azərbaycan hökumətinin narkotiklərin yayılmasına qarşı kifayət qədər mübarizə apardığını deyir. Ölkənin sərhəd-keçid məntəqlərində lazımi qurğular, vasitələr qurulub.
“Lakin narkotik ticarətçiləri daha hiyləgər, daha ağılasığmaz vasitələrdən istifadə edir. Narkotrafiklə məşğul olanlar çox çevik üsullardan istifadə edir, ağılasığmaz vasitlərə əl atır.”
Keçmiş səfir narkotranzitin qarşısını almaq üçün dövlətlərin ikitərəfli əlaqələri ilə yanaşı, narktoik marşrutunun başladığı Əfqanıstan da daxil olmaqla tranzit boyunca yerləşən bütün dövlətlərin birgə tədbir görməsini vacib sayır.
“Bu istiqamətdə danışıqlar aparılmalı, məlumat mübadilələri edilməlidir. Region dövlətlərinin hansında zəncirin halqasında zəiflik yaranarsa bu vəziyyətin daha da pisləşməsinə yol açar,”o qeyd edib
Rüfət Səfərov: Azərbaycanda səmərəli yolları aşkar edilmir
Keçmiş müstəntiq Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, narkotik bəşəriyyətin bəlasıdır. Söz yox, tamamilə bu bəladan qurtulmaq mümkün olmasa da ciddi mübarizə olarsa, dərəcəsini aşağı salmaq olar.
Bir neçə il öncə Sumqayıtın 16-cı mikrorayonunda keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 34 kiloqram narkotik maddə ilə yaxalanan narkobaron və ətrafı elə bir gün içində də azadlığa buraxılmasını xatırlasaq, vəziyyətin hansı şəkil aldığı aydınlaşar.Rüfət Səfərov, keçmiş müstəntiq
“Təcrübə təsdiqləyir ki, Azərbaycanda bu istiqamətdə mübarizə aparmaq üçün səmərəli yolları aşkar edilmir və ya istənilmir. Son illər ərzində cinayət qanunvericiliyində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə əlaqədr cəzalar daha da sətləşdirilib, lakin təkcə bu, problemdən çıxış yolu deyil. Baxın, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı mövcuddur. Həmin Proqramda dövlət başçısı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Səhiyyə Nazirliyinin, hüquq mühafizə orqanlarının qarşısında ciddi vəzifələr qoysa da nəzərə çarpan nəticənin şahidi olmamışıq. Əvəzində, narkoticarət daha geniş vüsət alıb, dövlət sərhədindən narkotik vasitələrin keçirilməsi genişlənib. Son illərdə respublikada vəziyyəti, dinamikanı təhlil edib bu fikrə gəlmək olar. Digər tərəfdən, hesab edirəm ki, bəzi “iriçaplı” narkobaronlar hüquq mühafizə orqanları ilə “sıx əməkdaşlıq” zəminində fəaliyyət göstərir. Mən fikrimi faktoloji əsaslar üzərində qurmağa üstünlük verirəm. Bir neçə il öncə Sumqayıtın 16-cı mikrorayonunda keçmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 34 kiloqram narkotik maddə ilə yaxalanan narkobaron və ətrafı elə bir gün içində də azadlığa buraxılmasını xatırlasaq, vəziyyətin hansı şəkil aldığı aydınlaşar,” keçmiş müstəntiq Amerikanın Səsinə deyib.