Accessibility links

İranda prezidentliyə mötədil namizəd Rəisiyə məğlub olduğunu qəbul edib


İbrahim Rəisi
İbrahim Rəisi

İranın mötədil prezidentliyə namizədi ultra-mühafizəkar ədliyyə başçısı İbrahim Rəisiyə məğlub olduğunu qəbul edib.

Mətbuatda yer alan xəbərlərə görə mərkəzi bankın keçmiş sədri Əbdülnasser Hemmati “Ümid edirəm ki, sizin hökumətiniz Ali Ruhani Ayətullah Əli Xameneinin rəhbərliyi altında xalqımıza rahatlıq və firavanlıq gətirəcək,” deyə məktubda bildirib.

İranlılar cümə günü prezident seçkisində iştirak ediblər. Seçici fəallığı aşağı olub, Rəisinin qarşısında isə güclü rəqiblər olmayıb.

Səsvermə məntəqələri cümədən şənbəyə keçən gecə saat 2-də bağlanıb. İranın Daxili İşlər Nazirliyi o vaxtadək seçici fəallığı ilə bağlı rəsmi açıqlama verməyib. Rəsmilər daha çox insanın seçkidə iştirak etməsini təmin etmək üçün səsverməni gecə saat 12-dən 2-dək uzadıblar.

Bundan öncə İranın yarı-rəsmi Fars xəbər agentliyi bildirib ki, ölkədə səsvermə hüququna sahib 59 milyin insanın 37 faizi yerli vaxtla axşam saat 7:30-a qədər səs verib. Seçkiyə nəzarət edən daxili işlər nazirliyi bu rəqəmi təsdiq etməyib.

Təhlilçilər deyir ki, İranda seçicilər ABŞ sanksiyalarının, pandemiyanın və rəsmilər arasında korrupsiyanın viran qoyduğu iqtisadiyyatı yanlış idarə etdiklərinə görə islamçı rəhbərlərdən məyus olublar.

İranın dövlət tərəfindən təsdiqlənən rəy sorğuçuları seçki keçirilmədən öncə seçici fəallığının 40 faizə yaxın olacağını təxmin edirdilər ki, bu da 1979-cu ildə baş verən İslam İnqilabından bəri prezident seçkisində müşahidə olunan ən aşağı seçici fəallığıdır. Bundan öncəki aşağı seçici fəallığı 1993-cü ildə 50 faizə bərabər olub.

İran daxilindən sosial mediada yerləşdirilən postlarda ölkə boyu səsvermə məntəqələrində seçici fəallığının aşağı olduğunu göstərib. İranın dövlət televiziya kanalı bəzi səsvermə məntəqələrində növbələri göstərib. Aparıcı siyasi fiqurlar isə insanları səs verməyə çağırıb. Onlar arasında Ali ruhani Ayətullah Əli Xamenei, Prezident Həsən Ruhani və seçkidə qalin gələcəyi gözlənilən Rəisi olub.

Namizədləri təsdiqləyən İranın Keşikçilər Şurası seçkidə Rəisi və Xameneiyə sadiq digər altı az tanınan namizədin iştirakını təsdiqləyib, yüzlərlə başqa insanın namizədliyini isə rədd edib.

XS
SM
MD
LG