“Balamız Onur 3 ildir kimliksiz qalıb. Günahı adının türkcə olmasıdır” - deyə, İranın Qərbi Azərbaycan vilayətinin sakini Əli Hidayəti sosial mediada 2017-ci ilin may ayında dünyaya gəlmiş oğluna hələ də şəxsiyyət vəsiqəsi verilmədiyini deyib.
Balamız Onur 3 ildir kimliksiz qalıb. Günahı adının türkcə olmasıdır.
O, keçən 3 il ərzində dəfələrlə İranın vətəndaşlıq qeydiyyatı idarəsinə müraciət etsə də, heç bir nəticə ala bilməyi üçün məhkəməyə müraciət edib.
Qərbi Azərbaycan vilayətinin Tikantəpə (Tikab) şəhərində yaşayan Əli Hidayəti məhkəməyə müraciət sənədinin surətini öz Facebook hesabında paylaşıb.
O, məhkəməyə müraciətində yazıb ki, “hörmətlə ərz edirəm ki, ilk və tək oğlum Onurun dünyaya gəlməsindən üç il keçir. Kəmal Muradinin Gözəl Türkcə Adlar kitabı, habelə Rza Qəffarinin Türk Adlar Sözlüyü kitabında yazılanları görə, Onur sözü güclü və şərəfli deməkdir. Təəssüf ki, şəhərimizin qeydiyyat idarəsinə etdiyim bütün müraciətlər və tələb edilən sənədləri verməyimə baxmayaraq, oğlum hələ də şəxsiyyət vəsiqəsi olmadan yaşayır.”
Əli Hidayəti həmçinin müraciətində oğlunun üç ildir vətəndaşlıq hüquqlarından məhrum olduğunu önə çəkib.
İran Azərbaycanı və Tehranda bir çox ailə uşaqları üçün seçdikləri türk adı ilə şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkir. 2001-ci ildə İranda nəşr edilən “Türkcə İnsan Adları” sözlüyünün müəllifi Fərhad Cavadi daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə 1990-cı illərdə vəziyyətin daha da ağır olduğunu ifadə etmişdi.
Cavadi müsahibədə deyib ki, “uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar, bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir ki, nə ad olursa olsun.”