İran Azərbaycanında uşağına seçdiyi türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən Colani ailəsi 9 ay israr və etirazdan sonra nəhayət “Ayıl” adını qeydiyyata keçirməyi bacarıb.
Colani ailəsinin qızına seçdiyi Ayıl adı ilə şəxsiyyət vəsiqəsi almaq üçün verdiyi mücadilə bir neçə ay idi türk və farsdilli media, habelə sosial şəbəkələrin gündəmində idi.
Ayılın atası sənətkar Səccad Colani keçən yanvar ayında Türkiyənin Anadolu agentliyinə verdiyi müsahibədə bunun “sadəcə ad məsələsi deyil, kimlik və haqq məsələsi” olduğunu ifadə etmişdi.
Colani həmin müsahibədə deyir, “qeydiyyat idarəsində mənə dedilər ki, Ayıl adı bizim siyahımızda yoxdur və yalnız siyahıda olan adlardan birini seçməlisiniz. Mən nə edə biləcəyimi soruşdum. Dedilər ki, Tehranda 3 fars ədəbiyyatı eksperti bu haqda qərar verə bilər. Onlar da Ayıl adını seçməyə mane oldular. İranda şəxsiyyət vəsiqəsi yoxdursa, uşaq heç bir sosial xidmətdən faydalana bilmir. Uşağımızın bir xəstəliyi var və üç dəfə əməliyyat olub. Şəxsiyyət vəsiqəsi olmadığı üçün biz bunların xərcini ödəmək üçün sığortadan yararlana bilməmişik.”
Səccad Colani Ayıl adının “zülmə qarşı oyanmaq və ayılmaq anlamına gəldiyini və yaşadıqları duruma tam uyğun” bir ad olduğunu önə çəkmişdi.
Keçən aylarda mədəni fəallar Ərdəbil şəhərinin divarlarında Colani ailəsi və uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən digər ailələrə dəstək şüarları yazmışdılar.
İran Azərbaycanı və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilməyən bir çox ailə səsini sosial media vasitəsilə eşitdirməyə çalışır.