İran parlamentinin spikeri bazar günü deyib ki, xarici müfəttişlər artıq İslam Respublikasının nüvə obyektlərinin nəzarət kameralarından çəkilmiş şəkillərinə çıxışları olmayacaq. Bu, Vyanada Tehranın dünya qüdrətləri ilə nüvə razılığını qurtarmaq üçün aparılan diplomatik səyləri fonunda gərginlikləri artırır.
İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibafın televiziyada yayımlanan bu sözləri ABŞ və başqa ölkələrin İranla müqavilə şərtləri ilə bağlı razılıq əldə etmələri üçün vaxtın daraldığına işarə edib. İslam Respublikası onsuz da uranı 2015-ci ildə əldə olunan nüvə razılığında qeyd olunan səviyyədən daha yüksək səviyyədə zənginləşdirməyə və toplamağa başlayıb.
“Üç aylıq möhlət başa çatdığına görə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) mayın 22-dən etibarən şəkillərə çıxış haqqı olmayacaq,” Qalibaf bildirib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bildirib ki, agentliyin baş direktoru bazar günü Vyanada müxbirlərə məlumat verəcək. Birləşmiş Millətlər Təşkilatı məsələ ilə bağlı şərh istəyinə dərhal cavab verməyib.
AEBA 2017-ci ildə bildirib ki, agentlik İranla əldə olunan “Əlavə Protokol” altında “hər gün yüksək keyfiyyətli nəzarət kameralarının çəkdiyi yüz minlərlə şəkli toplayır və təhlil edir.” Agentlik o zaman həmçinin bildirmişdi ki, “nüvə materialları və avadanlıqlarına 2000 ədəd təhrifedilməz möhür vurub.”
İranın sərt xətt tərəfdarı parlamenti dekabr ayında nüvə sazişini imzalayan Avropa ölkələri fevral ayınadək İranı neft və bank sektoruna tətbi olunan sanksiyalardan azad etmədiyi təqdirdə BMT-nin bütün nüvə təsislərində təftişlərini qadağan edən qanun layihəsini qəbul edib. AEBA İranla şəkilləri saxlaması üçün üç aylıq razılıq əldə edib və Tehran heç bir razılıq əldə olunmasa onları silməklə hədələyib.
Lakin fevralda çəkilən şəkillərin silinib-silinmədiyi bəlli deyil. Qalibafın çıxışından öncə qanunverici Əli Rza Səlimi İranın mülki nüvə qurumunun şəkilləri “silməsini” təmin etmək üçün parlamentdə təcili iclasın keçirilməsinə çağırıb. İranın Atom Enerjisi Təşkilatı qərarla bağlı şərh verməyib.
Bunun AEBA-nın müfətişşlərinin canlı təftişlərinə təsiri olub-olmadığını hələ ki, bəlli deyil. İranda 18 nübə təsisi və başqa doqquz obyekt AEBA-nın mühafizəsi altındadır.
Qalibaf deyib ki, bütün dövlət məsələlərində son sözə sahib olan ali dini lider Ayətullah Əli Xamenei bu qərarı dəstəkləyib.