Accessibility links

İran ABŞ-a casusluq iddiası ilə saxlanan ətraf mühit fəallarını 10 ilə qədər həbs cəzasına məhkum edib


İran Britaniya və Amerika vətəndaşı olan bir iranlı da daxil omaqla, ABŞ-ın xeyrinə casusluq və İranın milli təhlükəsizliyinə qarşı addımlar atmaq ittihamları ilə 8 nəfər ətraf mühit fəalını 4 ildən 10 ilə qədər həbs cəzasına məhkum edib.​

Məhkəmə sözçüsü Qulamhüseyin İsmailinin sözlərinə görə, apellyasiya məhkəməsi son hökmü çıxarıb.

İki ətraf mühit fəalı– Murad Təhbaz, həm də Nilufər Bayani 10 il müddətinə həbs cəzasına məhkum edilməkdən əlavə, iddia edildiyi kimi, xidmətlərinə görə Birləşmiş Ştatlar hökumətindən aldıqları pulları geri qaytarmalıdır.

Əslən İrandan olan Murad Təhbaz həm Britaniya, həm də ABŞ vətəndaşıdır.

İran ikili və ya çoxsaylı vətəndaşlığı tanımadığı üçün digər ölkələrin vətəndaşı olan iranlılar həmin ölkələrin konsulluğundan yardım ala bilməz. Əksər hallarda ikili vətəndaşlığı olan şəxslər hökuməti devirmək cəhdləri ilə bağlı hökmlər çıxaran İran İnqilab Məhkəməsi qarşısında, qapalı şəraitdə keçirilən məhkəmələrdə gizli ittihamlarla üzləşir.

İran beşi ABŞ və İran vətəndaşları da olmaqla, bir neçə xarici vətəndaşı saxlayır.

Ədliyyə sözçüsü İsmaili digər iki fəalın, Hüman Cokar və Tahir Qədiriana qarşı "Amerikanın düşmən hökuməti ilə əməkdaşlıq" ittihamı irəli sürülərək, hər birinin 8 il həbs cəzasına məhkum edildiyini deyib.

Fəallardan üçü - Sem Rəcəbi, Sepidə Kəşan Dost və Əmirhüseyin Xaligi Həmidinin hər biri 6 il həbs cəzasına məhkum edilib. Səkkizinci fəal Əbdülrza Kopaye isə 4 il həbs cəzasına məhkum edilib. Bütün fəallar 2018-ci ilin əvvəlində həbs edilib.

O vaxt həbs olunan doqquzuncu fəal, İran əsilli Kanada vətəndaşı Kavus Seyid İmami 2018-ci ilin fevral ayında mübahisəli şərtlər altında nəzarətdə olarkən ölüb. Bundan sonra onun dul qalan həyat yoldaşının İrandan çıxmasına maneələr törədilsə də, sonradan o, ölkədən çıxa bilib.

İranda Qərblə əlaqələri olduğu deyilən digər məhbuslar da var. İran əsilli Britaniya vətəndaşı Nazənin Zəghari-Ratkliff gənc qızı ilə birlikdə İranda qonaq olarkən, İran hökumətinə qarşı "yumşaq çevriliş" (“soft toppling”) planlaşdırma ittihamı ilə 5 il müddətinə məhkum edilib.

İranlı iş adamı Siyamək Namazi və onun ABŞ-ın dəstəklədiyi şahın dövründə İranın neftlə zəngin Xuzistan vilayətinin qubernatoru vəzifəsini icra edən keçmiş UNICEF nümayəndəsi, 81 yaşlı atası Bagir, hər ikisi casusluq ittihamı ilə 10 il müddətində həbs cəzası çəkir.

“Düşmən hökumətlə iş birliyi” ittihamı ilə 18 il həbs cəzasına məhkum edilən İran mənşəli amerikalı Robin Şahini aclıq aksiyası keçirdikdən sonra 2017-ci ildə zaminətlə sərbəst buraxılıb. Şahini Amerikaya qayırtdıqdan sonra ABŞ federal məhkəməsində İranı məhkəməyə verib.

Bu ayın əvvəlində İranın ali məhkəməsi Mərkəzi Kəşfiyyat Agentliyinə casusluqda ittiham olunan Əmir Rəhimpurun edam cəzasını təsdiqləyib. İranın dövlət mediası onun İslam Respublikasının nüvə proqramı ilə bağlı detalları Amerikaya ötürdüyünü iddia edib.

XS
SM
MD
LG