Accessibility links

İntensiv döyüşlər davam edir


Azərbaycann və Ermənistan qoşunları arasındakı cəbhə xəttində intensiv döyüşləri davam edir. Hər bir tərəf qarşı tərəfin itkilərinin olduğu barədə məlumat verir.

Son saatlarda Prezident İlham Əliyev xalqa televiziya ilə müraciətində Azərbaycan Ordusunun Zəngilan şəhəri və rayonun 6 kəndinin, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndininin azad edildiyini bildirib.

Prezident Əliyev Ermənistan Ordusunun çoxsaylı silah, sursat və hərbi texninasının məhv edildiyini və qənimət kimi ələ keçirildiyini bildirib.

Azərbaycan Müdafiə Nazirliyi öncə bildirib ki, oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

“Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir,” Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti Ermənistan Ordusunun çoxsaylı itkilər verdiyini, həmçininn alay komandirlərinin və onların müavinlərinin öldürüldüyünü bildirir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Hovanisyan Facebook səhifəsində yazıb ki, cəbhə bölgəsində şiddətli döyüşlər davam edir.

“Düşmən şimalda aviasiya və artilleriyadan istifadə edir. Cənubda şiddətli döyüşlər davam edir. Müdafiə Ordusunun bölmələri düşmənin hücumlarını dəf etmək üçün müvafiq tədbirlər görür," o, qeyd edib.

Erməni tərəfinin hərbi rəsmiləri Azərbaycan Ordusunun beş pilotsuz uçuş aparatının, o cümlədən bir ədəd Bayraktar TB2 pilotsuz uçuş aparatının vurulduğu barədə məlumat yayıb.

Ermənistan oktyabrın 20-də daha 43 hərbiçisinin öldürüldüyünü bildirib. Ümumilikdə Ermənistan 772 hərbiçisini itirib.

Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir.

Mülki itkilərə gəlincə, Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 20-dək Azərbaycanın 63 mülki vətəndaşı həlak olub, 292 nəfər yaralanıb.

Azərbyacan Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 20-də Ermənistan Ordusunun artilleriya atəşi nəticəsində Tərtər rayonunun Cəmilli kənd sakinləri Anar İsaqlı, Anar Quliyev həlak olub, Murov Şabanov yaralanıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, çərşənbə axşamı artilleriya atəşindən daha bir mülki şəxs ölüb, iki nəfər yaralanıb. Ümumilikdə sentyabrın 27-dən inidyədək 33 dinc sakin həlak olub, 108 nəfər yaralanıb.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, münaqişə nəticəsində 30 000-dən çox insan öldürülüb, 4 500-dən çoxu itkin düşüb, minlərlə insan minalar və partlamamış hərbi sursatlar nəticəsində yaralanıb.

"Bu qarşıdurmanın nəticəsi olaraq bölgədə insanlar uzun müddətdir ki, ani bir döyüş dalğası nəticəsində yaralanmaq və ya öldürülmək qorxusu ilə yaşayır," Beynəlxalq Qırmızı Xaç Komitəsi qeyd edir.

XS
SM
MD
LG