Accessibility links

İmişli rayonunun keçmiş icra hakimiyyəti başçısı həbs edilib


Bakının Səbail Rayon Məhkəməsi İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində dörd ay həbs qətimkan tədbiri seçib.

Sabiq icra hakimiyyəti başçısı məhkəmədən çıxarkən üzünü ailə üzvlərinə tutaraq deyib: "Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun".

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında deyilir ki, aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DTX bildirir ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.

“2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.”

Bununla yanaşı DTX icra hakimiyyəti başçısının sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzilləri rüşvət müqabilində verməsi, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin ələ keçirməsini bildirir.

Məlumatda deyilir ki, həmçinin Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, DTX bildirir ki, Hacıyevin vəizfəli şəxslərdən, sahibkarlardan müxtəlif adlar altında pul vəsaitləri almasına dair məlumatlar əldə edilib.

Vilyam Hacıyev, onun vəkili və ailə üzvləri hələ bu həbsə münasibət bildirməyib.

Mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Ümumilikdə DTX son aylarda dörd rayonda icra hakimiyyətlərinin binasında əməliyyat keçirib. Artıq, beş rayonun (Akstafa, Yevlax, Biləsuvar, Neftçala və İmişli) icra hakimiyyəti başçısıları olmuş şəxslərin hamsısna təkrar rüşəvt almaq, vəzifədən su-istifadə və mənimsəmə ittihamı irəli sürülüb.

XS
SM
MD
LG