Accessibility links

İlkin Rüstəmzadə: Repressiyalar və təzyiqlər əvvəlki kimi davam edir


İlkin Rustəmzadə
İlkin Rustəmzadə

Son günlər sosial mediada martın 16-da Azərbaycan prezidenti İlham Əliyevin əfv fərmanı ilə azad edilimiş gənc ictimai fəallar Qiyas İbrahimovun polisə çağırılması, Bayram Məmmədovun isə 30 sutka həbs cəzası alması geniş müzakirə edilir. Onların hər ikisi beynəlxalq ictimaiyyət tərəfindən siyasi məhbus hesab edilirdi. Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycan hökumətini gənc fəallara qarşı təzyiqləri dayandırmağa və insan hüquqlarına hörmət etməyə çağırıb. Müşahidəçilər Azərbaycan hökumətinin son zamanlar atdığı bir sıra addımların islahat kimi təqdim edilməsi ilə bağlı şübhələr qaldırır. Siyasi fəal, keçmiş siyasi məhbus və Azərbaycan prezidentinin əfv fərmanı ilə azad edilmiş İlkin Rüstəmzadə Amerikanın Səsinə müsahibəsində gənc fəallara qarşı təzyiqlər, siyasi məhbus problemi və hökumətin islahat kimi təqdim etdiyi addımlardan danışıb.

Bakı şəhər baş polis idarəsində iki saat profilaktik söhbətdən sonra azad buraxılan gənc ictimai fəal Qiyas İbrahimov bildirib ki, onun polisə çağırılmasına səbəb Facebook səhifəsində dostu Bayram Məmmədovun 30 sutka həbs edilməsini pisləyən statusu səbəb olub. İlkin Rüstəmzadənin bildirdiyinə görə, gənc ictimai-siyasi fəallara qarşı təqiblərin davam etdiyini bildirib. “Prezidentin 16 mart sərəncamından sonra cəmiyyətdə, müəyyən bir kəsimində ümidlər yaranmışdı ki, hakimiyyət artıq siyasi açılmalara gedir, islahatlara gedir və əslində hakimiyyət nümayəndələrinin bir çoxu da açıqlamalar verirdilər. Yəni bu istiqamətdə, bu düşüncəni dəstəkləyən açıqlamalar verirdilər. Amma hakimiyyət çox tez nümayiş etdirdi ki, yox, belə bir şey yoxdur. Repressiyalar əvvəlki kimi davam edir, təzyiqlər əvvəlki kimi davam edir. Bunun səbəbi ilə bağlı yəqin ki, Qiyas və Bayramın tutulduqları iş, yəni o heykəl məsələsi onlara qarşı təzyiqlərin bu dərəcədə olmasında əsas faktdır.”

Bir sıra təhlilçilər və müşahidəçilərin fikrincə, Azərbaycan hökumətinin siyasi məhbus siyahısında olan şəxsləri azad etməsində Qərbin təzyiqləri böyük təsirə malik olub. İlkin Rüstəmzadə anti-korrpusiya blogeri Mehman Hüseynovun işindən sonra ölkə daxilində vətəndaşlar tərəfindən güclü müqavimək göstərildiyini qeyd edib. O, cəmiyyətdə siyasi probleminə ilə bağlı məlumatlılıq səviyyəsinin hələ də kifayət qədər olmadığını deyib.

“Siyasi məhbus məsələsində vəziyyət belədir ki, Azərbaycan hakimiyyəti hal-hazırda beynəlxalq şəraitin, yaranan şəraitin təsiri ilə kifayət qədər güclüdür və hakimiyyətə Birləşmiş Ştatların, hətta Avropa İttifaqının belə təsir qabiliyyəti çox minimaldır. Cəmiyyətin də düzdür, son bir neçə hadisədən sonra güclü müqavimətinə baxmayaraq, reaksiyası lazımi qədər deyil. Müqavimət lazımi qədər deyil və belə bir şəraitdə hakimiyyəti konkret addımlara məcbur eləmək indiki mərhələdə çətin görünür. Amma təbii ki, siyasi məhbuslar üçün bundan sonra əlimizdən gələn hər şeyi edəcəyik. Kampaniyalar, addımlar, tədbirlər. Amma mənim öz şəxsi subyektiv düşüncəm budur ki, siyasi məhbuslarla bağlı ən gözəl, faydalı iş o olardı ki, Avropa İnsan Haqları Məhkəməsi siyasi məhbusların işinə növbədənkənar qaydada baxsın.”

İlkin Rüstəmzadə beynəlxalq ictimaiyyətin siyasi məhbus probleminə reaksiyasına toxunub.

“Bizim cəmiyyətdə müəyyən qədər Qərb təşkilatlarından gözlənti normadan artıqdır. Onun da təbii ki, əsas səbəblərindən biri odur ki, daxildə mühit çox repressivdir, çox ağırdır. Amma bir şeyi qəbul eləmək lazımdır ki, qərblilər gəlib bizim azadlığımız uğrunda mübarizə aparası deyillər. Qərb təşkilatları dünyadakı, öz daxillərindəki və müvafiq ölkənin yerləşdiyi regiondakı vəiyyətin imkan verdiyi səviyyədə əlbəttə ki, insan haqlarını dəstəkləyirlər və dəstəkləyəcəklər. Biz bunu desək də bunu edəcəklər, biz bunu deməsək də edəcəklər. Sadəcə, Qərb təşkilatlarının mən özümlə bağlı hala görə demirəm, ümumilikdə Azərbaycanda siyasi məhbus məsələsinə yanaşması kifayət qədər ədalətsizdir.”

İlkin Rüstəmzadə yaxın gələcəkdə Azərbaycan hakimiyyəti tərəfindən ciddi islahatlar adlandırıla biləcək addımların atılacağını gözləmədiyini deyib.

"Təbii ki, hakimiyyətin daxilində Avropa İttifaqı ilə, Birləşmiş Ştatlarla güclü əlaqələrin tərəfdarıları olan qruplar da var. Amma yəni bu da o demək deyil ki, o qruplar da idealist demokratlardır. Amma istənilən halda yekun nəticədə qərarı prezident verir və o prezident bir nəfər şəxsdir. Bir nəfər şəxs mümkün deyil ki, eyni zamanda bütün prosesləri nəzarətdə saxlasın və eyni zamanda prezident də yanında olan, ətrafında olan şəxslərin hazırladığı məruzələrlə, onların təklif etdiyi çıxış yolları ilə qərar qəbul edir. Hal-hazırda bizim ölkədə prezidentin ətrafındakı şəxslərin böyük əksəriyyəti keçmiş kommunistlərdir və bu adamlar bütün qəlbləri ilə islahatlara nifrət edirlər. Ona görə də mən hansısa bir ciddi islahat ola biləcəyinə inanmıram. Bəlkə də müəyyən bir mərhələdə, qısamüdətli mərhələdə hansısa islahatı xatırladan hansısa bir imitativ addımlar ola bilər. Amma uzunmüddətli perspektivdə mən düşünmürəm. Niyə? Çünki bu adamlar görüblər, SSRİ-ni görüblər və bu adamlar islahatların sonda nə ilə nəticələnəcəyini yaxşı bilirlər. Daha doğrusu, elə düşünürlər. Elə düşünürlər ki, islahat, xalqdan gələn tələblərin yerinə yetirilməyi hakimiyyətin sınmağı deməkdir, hakimiyyətin geri çəkilməyi deməkdir. Düzdür, son 5-6 ayda bəzi addımlar olub ki, hakimiyyət xalqdan gələn tələbləri artıq yerinə yetirməyə, o səsləri eşitməyə başlayıb. Amma mən bunun sonsuza qədər davam edəcəyini düşünmürəm. Müəyyən bir yerdə tormozlamalıydıvə Bayram və Qiyasın məsələsində də göstərdilər ki, bu adamların səbrləri o qədər də çox deyil.”

XS
SM
MD
LG