Accessibility links

14 iyul aksiyasındakı insident üzrə 6 nəfər, o cümlədən iki AXCP fəalı həbs edilib, NİDA fəalı sərbəst buraxılıb


Bakı aksiya
Bakı aksiya

Elgiz Qəhrəman sərbəst buraxılıb

NİDA Vətəndaş Hərəkatı İdarə Heyəti üzvü, keçmiş siyasi məhbus Elgiz Qəhrəman bu gün, iyulun 18-də Baş Prokurorluğun İstintaq İdarəsində iyulun 14-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiya zamanı yaranmış insident faktı əsasında qaldırılmış cinayət işi üzrə şahid qismində ifadə verib və sonra sərbəst buraxılıb.

Fəal bundan öncə Nərimanov Rayon Polis İdarəsində bir neçə saat saxlanılıb. Bakı vaxtı ilə saat 14-də İstintaq İdarəsinə gətirilib. O saat 18.40 radələrində sərdəst buraxılıb.

“İfadəm indi bitdi. Burada foyedə iki saat gözlədikdən sonra ifadə vermək üçün dəvət etdilər. Bir qədər də gözlədikdən sonra müstəntiq dəvət etdi. Məni şahid qismində dindirdi. Hər hansı təzyiq olmadı, lazım olanda su verdilər. Dindirmənin sonunda vəkilim də iştirak etdi. Orada növbə çox idi. Dindirməyə çox adam dəvət ediblər. Amma Nərimanov rayon Polis İdarəsində mənə ittihamedici suallar verirdilər,” o qeyd edib.

AXCP-nin iki funksioneri barədə həbs qətimkan tədbiri seçilib

Bununla yanaşı, bu gün Azərbyacan Xalq Cəbhəsi Partiyasının daha üç üzvü saxlanılıb.

AXCP-nin məlumatına görə, bu partiyanın Abşeron rayon şöbəsinin Gənclər Komitəsinin sədri Ramil Tağıyev iyulun 18-də yaşadığı evin qarşısında saxlanılaraq polis idarəsinə aparılıb. Abşeron şöbəsinin digər fəalı Vüqar Əbilov da və Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanov da bu gün polis bölməsinə aparılıb.

Bundan öncə isə partiyanın Rəyasət Heyətinin üzvü, keçmiş siyasi məhbus Asif Yusifli, fəallar Seymur Əhmədzadə, Mətanət Turan, Fərid Əsədov, Məhəmməd İmanlı və Elvin Məmmədov 14-15 iyul yürüşündə iştirak etdikləri üçün saxlanılıb polis bölmələrinə aparılıblar. Onlardan Mətanət Turan, Fərid Əsədov sərbəst buraxlıb.

Hazırda AXCP-nin 7 fəalı saxlanılır.

Asif Yusifli və Seymur Əhmədzadə
Asif Yusifli və Seymur Əhmədzadə

Bu gün Asif Yusifli və Seymur Əhmədzadə barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlaкı qəsdən məhv etmə və ya zədələmə, zərərçəкmiş şəxsə кülli miqdarda ziyan vurmaqla törədildiкdə), 233-cü (İctimai qaydanın pozulasına səbəb olan hərəкətləri təşкil etmə və ya bu cür hərəкətlərdə fəal iştiraк etmə) və 315-ci (Haкimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə Nəsimi Rayon Məhкəməsində proses keçirilib. Hakim Babəк Pənahov və Ramin Xəlilov sədrlik etdiyi proseslərdə Seymur Əhmədzadə və Asif Yusifli barəsində 3 ay (oktyabrın 15-dək) həbs qətimkan tədbiri seçilib.

Vəkillər Nemət Kərimli və Elçin Sadıqov bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər. Hər iki vəkil müdafiə etdikləri şəxsin günahkar olmadığını və insident olan zaman Milli Məclisin qarşısında olmadığını bildirib.

Vəkillərin dediyinə görə, Asif Yusifli və Seymur Əhmədzadə ittihamları qəbul etməyib və siyasi sifariş hesab edib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.

Başqa həbs olunanlar da var

Yerli medianın məlumatına görə, Bakıda Milli Məclisin qarşısında ixtişaşlar törətməkdə ittiham olunan Elçin Məmmədov, İlkin Əliyev, Müşfiq Vahabov və Səbuhi Mustafayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Nəsimi Rayon Məhkəməsində hakim Ramin Xəlilovun sədrliyi ilə baş tutan iclasda Elçin Məmmədovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hakim Elməddin Hüseynovun sədrliyi ilə baş tutan iclasda İlkin Əliyevin, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda Müşfiq Vahabovun, hakim Ceyhun Tağıyevin sədrliyi ilə baş tutan iclasda isə Səbuhi Mustafayevin barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən Elçin Məmmədov, İlkin Əliyev, Müşfiq Vahabov və Səbuhi Mustafayevin barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.

Bununla yanaşı barələrində həbs qətimkan tədbiri seçilən şxəslərin vəkilləri, ailə üzvləri hələ münasibət bildirməyib.

Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam edir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan cəbhəsində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirlən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG