Accessibility links

Məhkəmə Berluskoni barəsində 7 il həbs qərarı çıxarıb


Milan məhkəməsi İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyi 7 il həbs cəzasına məhkum edib və siyasi həyatına ömürlük qadağa qoyub. O, azyaşlı qızla pul qarşılığında cinsi əlaqədə olduğu və səlahiyyətindən sui-istifadə edərək bu hadisəni gizlətdiyi üçün ittiham olunurdu.

76 yaşlı siyasətçi və media maqnatı 2010-cu ildə 17 yaşlı Mərakeş əsilli qıza cinsi əlaqə qarşılığında pul odəmişdi. O, daha sonra qarət üstündə həbs olunan həmin qızın azad olunması üçün polis bölməsinə zəng vuraraq azad olunmasını tələb etmişdi.

Berluskoninin iki dəfə apellyasiya məhkəməsinə müraciət etmək hüququ var. Bu proses aylarla vaxt apara bilər.

Onun bir neçə başqa cinayət işinə görə ittihamı davam edir. Sabiq baş nazir keçən il sahib olduğu Mediaset şirkətində vergi pozuntusuna görə dörd il həbs cəzasına məhkum edilib və onun beş il müddətinə bu sahədə çalışmasına qadağa qoyulub. Bu ilin əvvəllərində Berluskoninin müraciət etdiyi apellyasiya məhkəməsini uduzub. Onun bir müraciət hüququ qalır.

İttihamçılar məhkəmədən onun rəqib siyasətçiyə rüşvət qarşılığında öz partiyasına keçməsi təklifinə görə iş açılmasını istəyib.

Berluskoni 1994-cü ildən 2011-ci ilədək üç dəfə baş nazir kimi xidmət göstərib.
XS
SM
MD
LG