Accessibility links

İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində üç jurnalist həlak olub


Livanın Səhiyyə Nazirliyi və yerli medianın bildirdiyinə görə, İsrailin cümə günü səhər tezdən həyata keçirdiyi hücumu nəticəsində ölkənin cənubunda Hasbayada medianın istifadə etdiyi qonaq evlərində yatan ən azı 3 jurnalist həlak olub və bir neçə nəfər yaralanıb.

Həlak olanların iranyönlü xəbər agentliyi Əl-Mayadin-in kamera operatoru Qəssan Nəccar və mühəndisi Məhəmməd Reda və Hizbullahın Əl-Mənar agentliyi üçün işləyən operatoru Vissam Qasim olduğu bildirilir. Bu barədə xəbər agentlikləri ayrı-ayrı bəyanatlarında deyib.

Zərbələrin endirildiyi gün İsrail ordusu ilə Livanın Hizbullah qruplaşması arasında bir ildir davam edən qarşıdurmada media üçün ən ölümcül gün olub.

İsrail hücumla bağlı şərh verməyib, ancaq adətən jurnalistlərə qəsdən hücum etdiyini inkar edir.

Bundan əvvəl də İsrailin Livana endirdiyi zərbələr zamanı Reuters xəbər agentliyinin vizual jurnalisti İssam Abdallah da daxil olmaqla, 5 jurnalist həlak olmuşdu.

Hasbaya həm müsəlmanların, həm də xristianların məskunlaşdığı bir şəhərdir. Son həftələrdə onun ətrafına hücumlar olsa da, cümə günü təxminən gecə saat 3 radələrində şəhərin özünə ilk hücum həyata keçirilib.

Livanın informasiya naziri Ziyad Məkari "Bu, müharibə cinayətidir" deyib. Sky News, Əl-Cəzirə və Livan yayımçıları da daxil olmaqla, altı media orqanının azı 18 jurnalisti qonaq evlərində qalırdı.

Bir gün əvvəl İsrail Beyrutun cənubunda Əl-Məyadin tərəfindən istifadə edilən ofisi vurub. Livanın Səhiyyə Nazirliyi bir nəfərin öldüyünü, biri uşaq olmaqla, beş nəfərin yaralandığını bildirib.

Beyrut rəsmiləri deyirlər ki, İsrailin hərbi kampaniyası 2500-dən çox insanın ölümünə və 1,2 milyondan çox insanın didərgin düşməsinə səbəb olaraq, humanitar böhran yaradıb.

Livan ordusunun bildirdiyinə görə, cümə axşamı İsrailin hücumu nəticəsində yaralıları sərhəddəki Yater kəndindən çıxarmağa çalışan 3 Livan əsgəri həlak olub. İsrail ordusu bununla bağlı da heç bir şərh verməyib.

ABŞ İsrailin mülki əhali arasında itkilərin qarşısını almaq üçün addımlar atmalı, Qəzza və Livana hücumları zamanı BMT sülhməramlılarını və ya Livan ordusunu təhlükəyə atmamalı olduğunu bildirib.

Forum

XS
SM
MD
LG