İsrail qüvvələri Qəzza zolağında yeni hava hücumları həyata keçirib. HƏMAS-ın Qəzzada idarə etdiyi Səhiyyə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, İsrailin hücumları keçən gün ərzində 130-dan çox insanın ölümünə səbəb olub.
İsrail ordusu bazar ertəsi bildirib ki, keçirdiyi əməliyyatları Qəzzanın şimalında "silahların yerini tapmağa çalışan" beş yaraqlının öldürülməsi ilə yanaşı, havadan və qurudan təşkil etdiyi hücumlar Qəzzanın cənubundakı Xan Yunis bölgəsindəki silah anbarlarını məhv edib.
Qəzzanın Səhiyyə Nazirliyi bazar ertəsi İsrailin döyüşçülər və mülki əhali arasında fərq qoymayan hərbi kampaniyası nəticəsində ölənlərin sayının azı 24 100 nəfərə yüksəldiyini, 60 mindən çox insanın isə yaralandığını bildirib.
Oktyabrın 7-də HƏMAS döyüşçülərinin İsrailin cənubuna hücum edərək, 1200 nəfəri ölderməsi və 240 nəfəri əsir götürülməsindən sonra İsrail HƏMAS-ı məhv etmək üçün hərbi kampaniyaya başlayıb.
Münaqişə və humanitar səyləri müzakirə etmək üçün bölgəyə səfər edən son diplomat, Avstraliyanın xarici işlər naziri Pennyi Vonq bazar ertəsi Qəzzada "davamlı atəşkəs"ə çağırıb.
İordaniya, İsrail, İordan çayının qərb sahili və Birləşmiş Ərəb Əmirliklərinə səfərindən əvvəl keçirdiyi mətbuat konfransında Vonq "Heç bir atəşkəs birtərəfli ola bilməz və heç bir atəşkəs qeyd-şərtsiz ola bilməz" deyib.
Noyabrın sonunda müvəqqəti atəşkəs Qəzza zolağında militantların 100-dən çox girovu, İsrail isə 240 fələstinli məhbusu azad etməsinə səbəb olub.
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin HƏMAS-a qarşı müharibəsinin qələbə çalana qədər davam etdirəcəyinə söz verib.
Netanyahu şənbə günü gecə keçirdiyi mətbuat konfransında İsrailin fələstinlilərə qarşı soyqırım törətdiyinə dair ittihamların İsraili çəkindirməyəcəyini deyib.
O, Qəzzada İsraillə döyüşən HƏMAS, Livandan İsraili atəşə tutan İranın dəstəklədiyi Hizbullah və yarı-hərbi husi qruplaşmalarını nəzərdə tutaraq, “Bizi heç kim dayandırmayacaq. Nə Haaqa, nə də "Şər Oxu", heç kim" deyib.
İsrail həmçinin Qəzzada hələ də saxlanılan 100-dən çox girovu geri qaytaracağına söz verib. İsrail rəsmiləri Təl-Əvivdə şənbə günü başlayan və on minlərlə insanın toplaşdığı 24 saatlıq mitinq də daxil olmaqla, girovların ailələri tərəfindən artan etirazlarla qarşılaşıb.
HƏMAS bildirir ki, İsrail Qəzzaya hücumlarını dayandırana qədər qalan girovlarla bağlı danışıqlar aparmayacaq.
Forum