Accessibility links

İsrail Hizbullahın hücumuna cavab olaraq Livanı bombalayıb, Netanyahu müxalifətlə birlik kabineti yaradır


İsrailin Livanın cənubundakı Dharya kəndinə zərbələrindən sonra yaranmış tüstü.
İsrailin Livanın cənubundakı Dharya kəndinə zərbələrindən sonra yaranmış tüstü.

Güclü silahlanmış Hizbullah qruplaşmasının yeni raket hücumuna cavab olaraq İsrail çərşənbə günü Livanın cənubunu bombalayıb.

Hizbullah bu həftənin əvvəlində İsrailin atəşi nəticəsində üzvlərinin öldürülməsinə cavab olaraq İsrail mövqelərinə dəqiq raketlərlə zərbələr endirdiyini bildirib və Livan ərazisinə, xüsusən də ölümcül olan hücumlara "həlledici" cavab verəcəyini vəd edib.

İsrail ordusu Hizbullah mövqeyinə qarşı hava hücumu həyata keçirdiyini və çərşənbə günü İsrailin Ərəb Əl-Aramşe şəhəri yaxınlığındakı hərbi postunun tank əleyhinə sistemlə atəşə tutulmasından sonra və Livana hücum etdiyini bildirib. Hələlik itkilərlə bağlı təfərrüatları açıqlamayıb.

Livandakı təhlükəsizlik mənbəsinin bildirdiyinə görə, Hizbullah qruplaşması düşmən hesab etdiyi İsrailə iki dəqiq raket atıb.

Livanın cənubundakı Rmeyş şəhərinin sakinlərinin dediyinə görə, İsrailin zərbəsi yaxınlıqdakı əraziyə dəyib. Təhlükəsizlik mənbəsinin Reuters xəbər agentliyinə verdiyi məlumata görə, İsrail artilleriyası Ərəb Əl-Aramşenin qarşısındakı Dayra bölgəsindəki raket buraxılış nöqtəsinə zərbələr endirib.

Hizbullah və Fələstinin HƏMAS qruplaşması çərşənbə axşamı Livandan edilən hücumların məsuliyyətini öz üzərinə götürüb. Hizbullah İsrail tankına idarə olunan raket atıb və tankın məhv edildiyi videonu yayımlayıb. HƏMAS isə Əl-Koleyladan İsrailə raket zərbəsi endirdiyini bildirib.

Netanyahu və müxalifət lideri müharibə dövründə birlik kabineti yaratmağa razılaşıblar

İsrailin baş naziri Benyamin Netanyahu və müxalifət lideri, İsrailin keçmiş müdafiə naziri Benni Qantz HƏMAS yaraqlılarına qarşı müharibəyə rəhbərlik etmək üçün müharibə dövrü birlik kabineti yaratmaq barədə razılığa gəliblər. İsrailin HƏMAS-ın nəzarətində olan Qəzza zolağında hava zərbələri endirdiyi zaman Qəzzadakı yeganə elektrik stansiyasının çərşənbə günü yanacağı tükənib.

İsrailin yeni müharibə kabinetinin üzvlərinin İsrailin baş naziri Netanyahu, müxalifət lideri Gantz və hazırkı müdafiə naziri Yoav Gallantdan ibarət olacağı haqda məlumat verilir. Kabinetin müharibə ilə bağlı məsələlərə diqqət yetirəcəyi bildirilir. Netanyahunun ifrat sağçı partiyalardan ibarət hazırkı hökumət tərəfdaşlarının digər məsələlərlə məşğul olacağı gözlənilir.

Bu razılaşma kəskin qütbləşmənin mövcud olduğu İsrail siyasi dairələrində illərdən sonra müəyyən birlik çərçivəsində bir araya gələ bilməsinin mümkünlüyünü göstərir. Razılaşma həmçinin İsrail ordusunun Qəzzada quruda əməliyyat keçirmə ehtimalının artdığı müşahidə edilən bir vaxt əldə edilib.

İndiyə qədər hər iki tərəfdən ən azı 2200 nəfərin həyatını itirdiyi müharibədə Qəzzada quruda əməliyyat keçirilsə, ölənlərin sayının daha da artacağı gözlənilir.

Verilən son məlumatlara görə, HƏMAS militantlarının hücumu nəticəsində İsraildə ən azı 1200 insan həyatını itirib. Qəzzada HƏMAS militantlarının İsraildən qaçırdıqları kişilər, qadınlar, uşaqlar, qocalar və əsgərlər də daxil olmaqla təxminən 150 nəfəri girov götürdüyü güman edilir.

Fələstin səhiyyə rəsmiləri İsrailin HƏMAS-a qarşı cavab olaraq hava zərbələri endirməyə başlamasından bəri çərşənbə günü Qəzzada ölənlərin sayının 1055 nəfərə çatdığını, 5000-dən çox insanın yaralandığını bildirib.

İsrailin Qəzzaya qida, su, yanacaq və dərman tədarükünü kəsməsindən sonra fələstinlilər BMT-nin sığınacaqlara çevrilən məktəblərinə və sayı getdikcə azalan təhlükəsiz məhəllələrə sığınıblar. BMT döyüşlər başlayandan bəri Qəzza zolağında 263 mindən çox insanın evlərini tərk etdiyini və onların sayının artacağının gözlənildiyini bəyan edib.

Ümumdünya Səhiyyə Təşkilatı əvvəllər yeddi xəstəxanaya verdiyi tibbi ləvazimatların çox sayda yaralının xəstəxanalara köçürülməsindən sonra tükəndiyini, Sərhədsiz Həkimlər isə fəaliyyət göstərdiyi iki xəstəxanada cərrahiyyə ləvazimatları, antibiotiklərin, yanacaq və digər ləvazimatların azalmağa başladığını bildirib.

2007-ci ildən Qəzzaya nəzarət edən HƏMAS-ı devirmək üçün İsrail ictimaiyyəti tərəfindən təzyiq altında olan hökumət ehtiyatda olan 360 min əsgəri səfərbər edərək, Qəzzada quruda əməliyyat keçirilməsi ehtimalını gündəmə gətirib.

Forum

XS
SM
MD
LG