Accessibility links

İsrail tankları Qəzzanın cənubuna çatıb, minlərlə qaçqın var


İsrailin təxliyyə göstərişi və İsrail tanklarının bölgəyə daxil olması səbəbindən Qəzza zolağının cənubundakı Xan Yunisin şərq məhəllələrində yaşayan fələstinli mülki əhali çərşənbə axşamı evlərini tərk etməli olub.

İsrail tankları Xan Yunisin Bəni-Suheyla qəsəbəsinə doğru irəliləyib və ətraf ərazilərin ardıcıl ikinci gündür hava hücumlarına məruz qalması on minlərlə dinc sakini təhlükəsizlik yerlər axtarmağa məcbur edib.

İsrail son həftələr Qəzzada həyata keçirdiyi silsilə hücumlarının bir hissəsi olan hazırkı əməliyyatının HƏMAS silahlı qruplaşmasının yenidən təşkilinin qarşısını almaq məqsədi daşıdığını bəyan edib.

Qəzzanın səhiyyə orqanlarının məlumatına görə, İsrailin hava hücumları bazar ertəsindən bəri Xan Yunis bölgəsində azı 80 fələstinlinin ölümü ilə nəticələnib və Qəzzanın rəsmi hesabatlarına əsasən, təxminən 10 ay davam edən qarşıdurmada ümumilikdə 39 mindən çox insanın ölümünə səbəb olub.

İsrail ordusunun dediyinə görə, HƏMAS və digər qruplaşmalar bu ərazilərdən raket atəşləri də daxil olmaqla, yeni hücumlar həyata keçirmək üçün istifadə edir.

Yeni köçmüş ailələrin çoxu qərbi Xan Yunis və Qəzzanın mərkəzi bölgələrində həddindən artıq sıxlıq səbəbindən sığınacaq tapa bilmədiklərini və gecələri küçələrdə keçirdiklərini bildirib.

"Biz özümüzlə nə su, nə yemək, nə də döşək götürüb çıxdıq" - deyə, Tamam Əl-Qərra adlı köçkün qadın Associated Press xəbər agentliyinə bildirib.

Onun qohumu Həmda Əl-Qərra Qəzzanın cənubundakı ən böyük xəstəxana, "Nasser" xəstəxanasının qarşısında yerdə yatdıqlarını deyib. O, "Bizi evlərimizə qaytarın. Müharibədən kifayət qədər əziyyət çəkdik" deyə, bildirib.

BMT-nin Fələstin Qaçqınları Agentliyi (UNRWA) X səhifəsində vəziyyəti "qeyri-mümkün" olaraq xarakterizə edib və "İnsanlar davamlı köçkünlükdən və yararsız yaşayış şərtlərindən yorulub. Onlar getdikcə kiçik və həddindən artıq sıx ərazilərdə tələyə düşüb" deyib.

İsrail ordusunun bildirdiyinə görə, Xan Yunisdə çox sayda militant tankların hücumu və döyüşlər özamanı ldürülüb.

Xan Yunis sakinlərinin dediyinə görə, tanklar Xan Yunis şəhərinin mərkəzinin şərqində, Bəni-Suheylanın dərinliklərində yerləşdirilib. Şahidlər əsgərlərin şəhərin əsas qəbiristanlığında axtarış apardığını, digərləri isə hündür binaların damlarında nəzarəti ələ keçirərək, ara-sıra ərazinin qərb bölgələrini atəşə tutub.

Çərşənbə axşamı sakinlər İsrail qüvvələrinin Rəfahda bir neçə evi dağıtdığını bildirib. İsrail may ayından bəri həyata keçirdiyi əməliyyatların bölgədə qalan HƏMAS birləşmələrini məhv etmək məqsədi daşıdığını bəyan edib.

Forum

XS
SM
MD
LG