İsrail Qəzza zolağında didərgin düşmüş fələstinli ailələrin yerləşdiyi iki yaşayış binasına və BMT məktəbinə zərbələr endirib. ABŞ-ın terror təşkilatı kimi tanıdığı HƏMAS təşkilatının nəzarətində olan yerli hakimiyyət nümayəndələri bildiriblər ki, zərbə nəticəsində 19-u qadın və uşaq olmaqla, azı 34 nəfər ölüb.
Hücum çərşənbə günü günortadan sonra Qəzza zolağının mərkəzindəki Nuseyrət qaçqın düşərgəsindəki BMT-nin oğlanlar üçün "Əl-Cəuni" hazırlıq məktəbinə edilib. İsrail ordusu məktəb binasında olan HƏMAS militantlarını hədəf aldığını bildirib.
Ölənlər arasında məktəbi idarə edən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) 6 əməkdaşı da var.
"Bu, bir insident nəticəsində şəxsi heyətimiz arasında ölənlərin sayının ən yüksək göstəricisidir. Məktəblər və digər mülki infrastruktur daim mühafizə altında olmalıdır və [hücumların] hədəfi olmamalıdır" - deyə, təşkilat X sosial şəbəkəsində bildirib.
BMT-nin baş katibi Antonio Quterreş BMT məktəbinə hücumu qınayıb. X sosial şəbəkəsindəki mesajında o, "Qəzzada baş verənlər tamamilə qəbuledilməzdir. Beynəlxalq humanitar hüququn belə ciddi şəkildə pozuntularına dərhal son qoyulmalıdır" yazıb.
Fələstinli Qaçqınlara Yardım Agentliyi-nin rəhbəri Filippe Lazzarini X sosial şəbəkəsində "Cəzasızlıq nə qədər uzun sürərsə, beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları aktuallığını bir o qədər itirəcək" deyə, bildirib.
2023-cü il oktyabrın 7-də HƏMAS militantlarının hücumuna cavab olaraq, İsrailin Qəzzada genişmiqyaslı hərbi kampaniyaya başlamasından bəri Fələstinli Qaçqınlara Yardım Agentliyi-nin azı 220 əməkdaşı öldürülüb.
Döyüşlər və evakuasiya əmrləri ilə evlərini tərk etmək məcburiyyətində qalan on minlərlə fələstinli Qəzzada məktəblərdə yaşayır. Müharibə başlayandan bəri "Əl-Cəuni" məktəbi bir neçə dəfə vurulub.
Çərşənbə günü Qəzzanın cənubundakı Xan Yunis qəsəbəsindəki bir evə edilən növbəti hücumda 6-sı qardaş-bacı olmaqla, 11 nəfər ölüb.
Müharibə keçən il oktyabrın 7-də İsrailin cənubuna edilən, 1200-ə yaxın insanın ölümünə və 250-yə yaxın insanın girov götürülməsinə səbəb olan gözlənilməz hücumdan sonra başlayıb. İsrailin cavab hücumu nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla, 41 minə yaxın fələstinli ölüb. İsrail ordusu isə ölənlər arasında minlərlə militantın olduğunu deyir.
Forum