Şərqi Qüdsdə yüzlərlə fələstinli orada məskunlaşan yəhudilərin xeyrinə ya çıxarılacaqlar, ya da onların evi söküləcək. Hər iki tərəf evlərini qanuni yolla aldıqlarını deyir. Linda Qradşteyn Qüdsdən reportaj hazırlayıb.
Fələstinli Fəxri Əbu Diyab 62 il əvvəl Şərqi Qüdsün Silvan bölgəsində, Bustan və ya Bağ adlanan məhəllədəki bu evdə anadan olub.
Lakin bu ilin əvvəlində İsrail hakimiyyəti onun evinin icazəsiz tikildiyini deyərək, söküb. Şərqi Qüds sakini Faxri Abu Diyab: "İndi övladlarım, nəvələrim başqa yerdə kirayə qalır. Lakin mən burada kiçik bir otaq və hamam düzəldirəm. İndi də mənə bütün bunları sökəcəklərini deyirlər. Hara gedim? Getməyə yerim yoxdur, evsiz qalacağam".
Əbu Diyab deyir ki, o və Şərqi Qüdsdəki qonşuları tikinti üçün dəfələrlə icazə almağa cəhd edib, lakin İsrail demək olar ki, həmişə onların tələblərini rədd edir. Onun sözlərinə görə, İsrail onun məhəlləsində 100-ə yaxın evi sökməyə hazırlaşır. On ev artıq sökülüb.
İsrail hökuməti bu torpaqların arxeoloji parkın inşası üçün istifadə olunacağını deyir.
Silvan rayonunun digər məhəlləsi Batn Əl-Havada vəziyyət daha mürəkkəbdir. Yəmən yəhudiləri burada 19-cu əsrin sonlarında məskunlaşsalar da, 1930-cu illərdə ərəb iğtişaşlarından sonra köçüb.
İsrail qanunlarına görə, əvvəllər yəhudilərin əlində olan mülklər yenidən yəhudilərə qaytarıla bilər. Hətta bu mülkləri alan fələstinlilər çıxarılmalı olsalar belə.
Fələstinli məhəllə fəalı Zuheyir Rəjəbi deyir ki, onun evi məhəllədəki köçürülmə əmri verilən 87 ev arasındadır. İsrail deyir ki, bu əmlaklar bir vaxtlar Yəmən yəhudiləri üçün olan xeyriyyə təşkilatına məxsus olub. "Evləri aldıq, oğurlamadıq, sənədlərimiz var. Burada hər bir ailənin alış sənədi var. Mənim atam bu evi 1966-cı ildə alıb və biz 1966-cı ildən burada yaşayırıq. 2015-ci ildə mən və qardaşlarım evdən çıxarılma əmrini alanda şoka düşdüm. Nəyə görə?"
Rəcəbi deyir ki, o və qonşuları hökumət tərəfindən maliyyələşdirilən təhlüksizlik qüvvələri tərəfindən qorunan məhəlləyə köçən 40-a yaxın yəhudi ailəsi tərəfindən tez-tez təqib edilir. O deyir ki, yəhudi köçkün təşkilatı “Ateret Cohanim” ona buradan getməsi üçün böyük məbləğdə pul təklif edib, lakin o, həmişə imtina edib.
"Ateret Cohanim" nümayəndələri mülklər almaq və bu ərazidə yəhudilərin varlığını bərpa etmək cəhdində qanunsuz heç bir şey olmadığını deyirlər. “Ateret Cohanim” təşkilatından Daniel Luria: "Yəhudi xalqının padşahları və peyğəmbərləri, tarixi və irsi əsasən burada olub, Bura Qüdsün və yəhudi dünyasının mərkəzidir".
İsrailin insan haqları qrupları şəhər əhalisinin demək olar ki, 40%-ni təşkil edən Şərqi Qüds fələstinlilərini İsrail hökumətinin köçürülmə və söküntü əmrlərinə qarşı müdafiə etməyə çalışır. Qruplar deyirlər ki, dünyanın diqqəti Qəzzaya yönəldiyi üçün fələstinlilərə qarşı bu səylər son bir il ərzində daha da artıb. "İr Amim" fəalı Aviv Tatarski: "Biz İsrail hökumətinin hərəkətlərini əngəlləmək üçün yollar axtarırıq, lakin güc balansının olmaması bizim xeyrimizə deyil".
Keçən il bir çox cəbhədə - Qəzza, Livan, Yəmən və İranla ərəb-İsrail münaqişəsinə baxmayaraq, Qüds nisbətən sakit olub. Lakin fələstinlilərin evlərinin sökülməsi və köçürülmələrinin sayının artması şəhərdə gərginliyin daha da artmasına səbəb ola bilər.
Forum