İsrail hərbi qüvvələri HƏMAS-ın İsrailin cənubuna hücumunun Livanda döyüşlərə və regionda münaqişənin genişlənməsi qorxusunu artıran müharibəyə səbəb olmasından bir il sonra, bazar ertəsi Qəzza zolağı boyunca HƏMAS mövqelərinə qarşı hava hücumları həyata keçirdiyini bəyan edib.
Hədəflər arasında HƏMAS-ın reaktiv yaylım atəşi sistemləri olub. HƏMAS bazar ertəsi İsrailin ikinci böyük şəhəri Tel-Əvivə, eləcə də İsrailin cənubundakı bir neçə sərhəd keçid məntəqəsi yaxınlığındakı ərazilərə raket zərbələri endirdiyini bildirib.
Qəzzadan atılan raketlər səbəbindən Tel-Əviv və İsrailin mərkəzində hava hücumu sirenləri səsləndirilib.
İsrail hərbi qüvvələrinin həmçinin bildirdiyinə görə, Hizbullah silahlı qruplaşmasının Livanda istifadə etdiyi mövqelərə - Beyruta, Livanın cənubundakı bəzi ərazilərə və Bekaa vadisinə hücumlar təşkil edib.
Hizbullahın atdığı raketlər İsrailin şimalındakı Hayfa şəhərinə düşüb və İsrail mediası orada azı 10 nəfərin yaralandığını bildirib.
Hizbullahın dediyinə görə, o, Hayfanın cənubundakı İsrail hərbi bazasını hədəf alıb.
Ağ Ev ABŞ prezidenti Co Baydenin şam yandırmaq da daxil olmaqla, bazar ertəsi İsrailə hücumun ildönümünü qeyd edəcəyini bildirib.
Bayden bazar ertəsi səhər verdiyi açıqlamasında oktyabrın 7-nin, "HƏMAS-ın münaqişəyə başladığı günün fələstin xalqı üçün qara gün kimi" yadda qalacağını deyib.
"Biz Qəzzada girovları evlərinə qaytaran, yerdəki əzabları yüngülləşdirmək üçün humanitar yardımın artmasına imkan verən, İsrailin təhlükəsizliyini təmin edən və bu müharibəyə son qoyan atəşkəs razılaşmasına nail olmaq naminə işi dayandırmayacağıq. İsraillilər və fələstinlilər təhlükəsizlik, ləyaqət və sülh içində yaşamağa layiqdirlər," Bayden bildirib.
İsrailin müdafiə naziri Yoav Qallant bazar ertəsi İsrailin öz xalqının təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin edəcəyini və Qəzzada saxlanılan girovların evlərinə qayıtması üçün mümkün olan hər şeyi edəcəyini deyib.
"Bu gün biz düşmənlərimizi məğlub və vətənimizi müdafiə etmək üçün lazım olan bütün tədbirləri görməyə davam etməyə həmişəkindən daha çox sadiqik", Qallant bildirib.
Pentaqonun bəyanatında ABŞ Müdafiə naziri Lloyd Austinin bazar günü Qallantla telefon söhbəti zamanı ABŞ-ın İsrailin özünümüdafiəsinə dəstəyini bir daha təkrarladığı deyilib.
Pentaqonun mətbuat katibi general-mayor Pat Rayder bildirib ki, Austin "ABŞ-ın İsrailin təhlükəsizliyinə, Qəzzada atəşkəsə və vətəndaşların İsrail-Livan sərhədinin hər iki tərəfindəki evlərinə təhlükəsiz şəkildə qayıtmasına imkan yaradan diplomatik qətnaməyə sarsılmaz sadiqliyini təkrarlayıb".
Forum