Accessibility links

İsrail HƏMAS lideri Sinvarı öldürdükdən sonra Qəzzada reydlər keçirir


Lideri Yəhya Sinvarın öldürülməsi ilə HƏMAS-a sarsıdıcı zərbə vuran İsrail bir ildir HƏMAS-ı məhv etmək məqsədilə bir ildir davam edən müharibəsini cümə günü Qəzzada reydlər keçirməklə davam edib.

Sinvarın öldürülməsini alqışlayan İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumu ilə alovlanan müharibənin bitmədiyini, lakin bunun "sonun başlanğıcı" olduğunu bəyan edib.

O, İsrail tarixindəki ən qanlı hücumun təşkilatçısı olan Sinvarın ölümünü "HƏMAS-ın şər hakimiyyətinin süqutu üçün mühüm əlamət" adlandırıb.

İsrailə hücum zamanı HƏMAS-a Qəzzadan rəhbərlik edən Sinvar, iyul ayında qrupun siyasi rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra silahlı qruplaşmanın ümumi lideri oldu.

Hökuməti İsrailin əsas silah təminatçısı olan ABŞ prezidenti Co Bayden "Bu, İsrail, ABŞ və dünya üçün yaxşı gündür" deyib.

"İndi Qəzzada HƏMAS-ın iqtidarda olmadığı "sonrakı gün" və həm israillilər, həm də fələstinlilərə daha yaxşı gələcəyi təmin edən siyasi nizamlanma üçün fürsət var" - deyə, Bayden bildirib.

HƏMAS və Hizbullah ABŞ, Britaniya, Avropa Birliyi və digər ölkələr tərəfindən terror təşkilatı elan edilib.

France Press xəbər agentliyinin (AFP) İsrailin rəsmi hesablamalarına istinadən bildirdiyinə görə, HƏMAS-ın 7 oktyabr hücumu, əksəriyyəti mülki şəxslər olmaqla 1206 nəfərin ölümü ilə nəticələnib ki, buna girov götürülənlər də daxildir.

Hücum zamanı militantlar 251 nəfəri də girov götürüb. İsrail rəsmilərinin öldüyünü bildirdiyi 34 nəfər də daxil olmaqla, 97 nəfər Qəzzada qalıb.

France Press xəbər agentliyi jurnalistinin sözlərinə görə, Sinvarın öldürülməsi İsrailin Qəzzaya hava zərbələrini dayandırmayıb. Keçən gecə və cümə günü səhər ərazidə bir neçə reyd keçirilib.

Qəzzanın mülki müdafiə agentliyinin məlumatına görə, xilasedicilər səhər saatlarında ərazinin şimalındakı evlərin dağıntıları altından üç fələstinli uşağın cəsədini çıxarıb.

İsrail ordusu son həftələr döyüşlərin mərkəzlərindən biri olan Cəbəliyədə əməliyyatını davam etdirdiyini bildirib. Cümə axşamı iki xəstəxananın verdiyi məlumata görə, zərbələr zamanı Cəbəliyədə azı 14 nəfər ölüb.

HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin məlumatına görə, İsrailin HƏMAS-ı məhv etmək və militantlar tərəfindən ələ keçirilən girovları geri qaytarmaq kampaniyası Qəzzada 42 438 nəfərin ölümünə səbəb olub ki, onların əksəriyyəti mülki şəxslərdir.

Forum

XS
SM
MD
LG