Misir İsrail və Fələstini üçgünlük atəşkəsin qəbuluna və daimi atəşkəsin əldə edilməsi üçün müzakirələri davam etdirməyə çağırıb.
Misirin çağırışı Fələstin rəsmilərinin yeni atəşkəsi qəbul etdiklərini bildirmələrindən sonra səslənib.
İsrailin baş naziri isə Həmas raket atəşlərini dayandırılmayınca danışıqlara qayıdılmayacağını deyib. Benyamin Netanyahu bildirib ki, İsrail atəş altında heç bir müzakirəyə qayıtmayacaq.
İsrail müzakirəçiləri Qahirəni 72 saatlıq atəşkəsin başa çatdığı cümə günü tərk edib.
Atəşkəsdən az sonra hücumlar bərpa edilib. Həmas İsrail ərazilərinə, İsrail isə Qəzzaya havadan zərbələr endirib.
Son zorakılıqlar nəticəsində İordan çayının qərb sahilinin işğal edilmiş ərazilərində 11 yaşlı oğlan usağı öldürülüb. Onun qohumları oğlanın evin qarşısında oynayarkən İsrail əsgərlərinin atəşinə tuş gəldiyini bildirib.
İsrailin bir aydır Qəzzaya hücumları nəticəsində 1900 fələstinli öldürülüb.
İsrail 64 əsgər və 3 mülki vətəndaşını itirib.