İsraildə müharibə dördüncü gündür davam edir. Mühabirə oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından kütləvi raket hücumları və HƏMAS hərəkatı ilə İslamçı Cihad militantlarının ölkəyə daxil olaraq, azı 130 nəfəri girov götürməsi ilə başlayıb. Son məlumatlara görə, hücum nəticəsində 1000-ə yaxın israilli həlak olub. Buna cavab olaraq İsrail artıq bir neçə gündür ki, Qəzza zolağına kütləvi hava zərbələri endirir və yəqin ki, tezliklə quru əməliyyatına başlayacaq. Belə ki, artıq İsrail bu ərazi ilə sərhədə yüz minə yaxın hərbçi toplayıb.
Qəzza Səhiyyə Nazirliyinin bildirdiyinə görə, oktyabrın 7-dən 10-na qədər İsrail ordusunun Qəzza zolağındakı hədəflərə endirdiyi zərbələr nəticəsində 770 nəfər ölüb, azı 4100 nəfər yaralanıb. İsrail hakimiyyətinin məlumatına görə, İsraildə 1500-dən çox terrorçu məhv edilib.
Eyni zamanda, əhali Qəzzadan çıxa bilmir. Misir rəsmiləri Qəzzada davam edən hərbi əməliyyatlara və əhəmiyyətli dağıntılara baxmayaraq, Rəfah sərhəd keçid məntəqəsindən (əslində bu, Misirlə sərhəddəki yeganə keçid məntəqəsidir) hər gün Qəzza zolağından Misir ərazisinə 2000-dən artıq sakinin buraxılmayacağını bildirib. Qəzzanın əhalisi təxminən 3 milyon nəfərdir.
Oktyabrın 9-da axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciət edərək, HƏMAS militantlarına qarşı müharibənin qələbə ilə sona çatdıracağını vəd edib. Onun sözlərinə görə, İsrail hazırda özünün mövcudluğu uğrunda müharibə vəziyyətindədir.
"Bu müharibəyə bizi qadınların, uşaqların və qocaların qətlinə üstünlük verən vəhşilər məcbur ediblər. HƏMAS-ın törətikləri İŞİD-in vəhşiliklərindən bu yana görünməmiş vəhşiliklər oldu. Uşaqlar ailələri ilə birlikdə bağlanaraq, edam edildi, gənc qızlar və oğlanlar kürəyindən güllələndi", Netanyahu bildirib.
İsrailin baş naziri "Həmas müharibə istəyirdi, buna nail olacaq" deyib.
HƏMAS-ın Livandakı sözçüsü Əli Barake Associated Press agentliyinə müsahibədə deyib ki, İsrailə qarşı genişmiqyaslı hücumdan HƏMAS-ın komandirlərdən ibarət kiçik bir qrupu xəbərdar idi.
O həmçinin İranın kəşfiyyat xidmətlərinin hücumun hazırlanmasında iştirak etmədiyini iddia edib (bu barədə bundan öncə Wall Street Journal qəzeti yazmışdı) və HƏMAS-ın guya raket istehsalına və militantlara təlimlərə 2014-cü ildə müstəqil şəkildə başladığını bəyan edib. Bu bəyanatlar şübhə doğurur. Belə ki, Amerika və İsrailin kəşfiyyat orqanları İranın Hizbullah və HƏMAS militantlarının təlimlərində iştirakı barədə əvvəllər dəfələrlə məlumat verib.
HƏMAS nümayəndəsinin sözlərinə görə, döyüşlərdə bilavasitə 2000-ə yaxın militant iştirak edib, lakin qruplaşmanın sərəncamında təkcə Qəzza Zolağında 40 min döyüşçü var. O həmçinin bildirib ki, qrup İsraildə əsir götürdüyü girovlardan fələstinliləri təkcə İsraildən deyil, həm də Amerika həbsxanalarından azad etmək üçün istifadə etmək niyyətindədir.
Beynəlxalq reaksiyalar
ABŞ, Almaniya, Britaniya, Fransa və İtaliya liderləri birgə bəyanat yayaraq, islamçı HƏMAS militant qruplaşmasının İsrailə hücumunu pisləyib, İsrail xalqı və hökumətinə "sarsılmaz və vahid dəstəyini" ifadə edib.
"Yaxın günlərdə biz İsrailin özünü müdafiəsi, Yaxın Şərq regionunda sülh və inteqrasiyaya şərait yaratmaq üçün İsrailin müttəfiqləri və dostları kimi birləşəcək və birgə addımlarımızı əlaqələndirəcəyik" - deyə, ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, İtaliyanın baş naziri Corcia Meloni və Britaniyanın baş naziri Rişi Sunakın birgə bəyanatda bildirilib.
Beş ölkənin liderləri həmçinin bildiriblər ki, HƏMAS-ın terror hərəkətləri" heç bir bərabət, nə də legitimliyə malikdir və ümumbəşəri qınaq obyektidir".
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ İsrailə lazımi hərbi yardım göstərsə də, hərbi qüvvə göndərmək niyyətində deyil.
Çeçenistan lideridən Fələstinə dəstək
Çeçenistanın rəhbəri Ramzan Kadırov isə Fələstinə dəstək mesajı verib. "Biz Fələstini dəstəkləyirik. Və biz digər münaqişələrdən fərqli olaraq, daha da böyüyə biləcək bu müharibənin əleyhinəyik" - deyə o, Telegram kanalında yazıb.
"Beynəlxalq ictimaiyyətə müraciət edirəm ki, heç olmasa bir dəfə yekdilliklə Fələstindəki vəziyyətlə bağlı ədalətli qərar qəbul etsin. Müsəlman ölkələrinin liderlərinə müraciət edirəm. Dost adlandırdığınız Avropaya və bütün Qərblə koalisiya yaradın ki, onlar militantları məhv etmək bəhanəsi ilə dinc sakinləri bombalamasınlar", yazıb Kadırov.
Bundan əlavə, o, Çeçenistanın təhlükəsizlik qüvvələrinin sülhməramlı qüvvələr kimi İsrailə göndərilməsini təklif edib.
Əvvəllər HƏMAS yaraqlılarının İsrailə qarşı addımları İran və Suriya tərəfindən dəstəklənirdi.
Forum