Accessibility links

İsrail Qəzzada saxlanılan girovlardan beşinin cəsədinin tapıldığını bildirib


İsrailin cümə axşamı bildirdiyinə görə, HƏMAS-ın İsrailə hücumu zamanı öldürülən girovlardan beşinin cəsədini tapıb.

İsrail hərbçiləri girovlardan birinin İsrailin cənubundakı Nir Oz şəhərindəki kibbutzda öldürülən Maya Qoren olduğunu müəyyən edib.

Hərbçilərin dediyinə görə, digər dörd girov hücum zamanı döyüşdə həlak olan İsrail əsgərləridir. Onlar - serjant Oren Qoldin, baş çavuş Tomer Ahimas, serjant-mayor Ravid Arye Katz və serjant Kiril Brodskidir.

Hərbçilər HƏMAS-ın 5 nəfərin hamısının cəsədini Qəzzaya apardığını, İsrail qüvvələrinin cəsədləri çıxarmaq üçün cənubdakı Xan Yunis şəhərində əməliyyat keçirdiyini bildirib.

İsrailin xarici işlər naziri İsrael Katz onların ailələrinə başsağlığı verib və diri və ya ölü qalan girovların geri qaytarılmasının bir öhdəlik olduğunu bildirib.

HƏMAS oktyabrın 7-si hücumu zamanı 1200-ə yaxın insanı öldürüb, 250 nəfəri girov götürüb. Qəzzada hələ də 110-a yaxın girov saxlanılır və İsrail rəsmiləri onların təxminən üçdə birinin öldüyünü güman edir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin HƏMAS-ı məhv etmək məqsədi daşıyan əks-hücumu zamanı 39 100-dən çox insan ölüb. Nazirlik hesablamalarında militantlarla mülki əhali arasında fərq qoymur.

İsrail ordusu həmçinin cümə axşamı Qəzza zolağının mərkəzi və cənubunda əməliyyatlar keçirdiyini və qüvvələrinin son günlər Xan Yunisdə HƏMAS-ın 50-yə yaxın infrastruktur obyektini məhv etdiyini bildirib.

ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə aylardır davam edən danışıqların gündəminə Qəzzadan girovların azad edilməsi, İsrailin fələstinli məhbusları azad etməsi və Qəzzaya humanitar yardımın artırılması daxildir.

Forum

XS
SM
MD
LG