Beynəlxalq Qızıl Xaç Komitəsi bir həftədən çoxdur girov götürdüyü azı 199 israilli ilə əlaqə saxlamağa imkan verməsi üçün HƏMAS-a təzyiq göstərir. İsrailin Tel-Əviv şəhərində yüzlərlə mülki israilli girovları tapmaq üçün bir araya gəlirlər.
Ailələr və dostlar üçün bu, ürək ağrıdan kədərli divardır. Qaçırılan və Qəzzaya aparılan 199 və ya daha çox mülki vətəndaşdan bəzilərinin şəkilləri itkin düşdüklərini xatırlatmaq üçün İsrail Müdafiə Nazirliyinin qərargahı qarşısında asılıb.
Qaçırılanlar arasında uşaqlar və yaşlılar da var. Girovların yaxınları bir araya gələrək, ailə üzvlərini evlərinə qaytarmaq üçün hökumətə təzyiq göstərməyə çalışır. Qaçırılmış israillinin qohumu Eynav Moşe Barda: "Onun arvadını, 70 yaşlı bibim Adina Moşeni girov götürüblər. O, xəstədir. Onu pəncərədən çıxarıblar. Onunla nə baş verdiyini saatlar sonra bildik. Çoxları bizə onun iki terrorçu arasındakı olduğu videonu göstərib. Qəddar terrorçular onun ərini öldürüb, özünü isə motosikletlə Qəzza zolağına aparıblar".
Ailələr deyirlər ki, bir həftədən çoxdur ki, hökumətin heç bir nümayəndəsi onlarla görüşməyib. Lakin israil vətəndaşları fəaliyyətə başlayıb. Onlar buranı Təl-Əvivdə Sərgi Mərkəzində "İtkin düşənlər üçün döyüş otağı" açıblar. Burada yüzlərlə könüllü internetdə girovların taleyi ilə bağlı hər hansı məlumat axtarır.
Müharibə başlayana qədər bu insanların çoxu İsrail hökumətinin planlaşdırdığı məhkəmə islahatlarına qarşı doqquz ay davam edən kütləvi etirazların arxasında duran təşkilatlardan biri "Silah Qardaşları" adlı qrupun üzvləri idi. İndi qrup diqqətini girovların tapılmasına yönəldib. "İtkin düşənlər üçün döyüş otağı"nın direktoru Karine Nahon: "Buraya müxtəlif sektorlardan – texnologiya, dindirilmə, kəşfiyyat, sosial şəbəkələrdən olan İsrail vətəndaşları toplaşıb. Onlar burada baş verənlərin tam görüntüsünü yaratmağa çalışır".
Rayxman Universitetinin informasiya sistemləri üzrə professoru Nahon deyir ki, onların topladıqları məlumatlar girovlardan 100-dən çoxunun hələ də sağ olduğuna inanmağa imkan verib. O, könüllülərinin əldə etdikləri məlumatları İsrail təhlükəsizlik xidmətlərinə göndərir. Könüllü "Sosial şəbəkələrdə insanlar haqqında çoxlu məlumat tapdıq. Bəzi hallarda onların öldürüldüyünü başa düşürük və sonra məlumatları dəyişdirmək və yeni məlumatlar əldə etməyə çalışırıq. Digər hallarda biz onların sağ olduqlarını, necə sağ qaldıqları və hazırda nə etdiklərini onlayn yazdıqlarını görürük. Kifayət qədər məlumatımız olmadığı halda isə əlavə araşdırmalar aparırıq".
O deyir ki, İsrail ictimaiyyətinin reaksiyasına görə o, ölkəsi ilə fəxr edir. Vətəndaşlar əsgərləri ərzaqla təmin edib, Qəzza yaxınlığında evlərindən didərgin düşmüş on minlərlə israilliyə və travma keçirənlərə psixoloji yardım ediblər. "Gördüyünüz kimi, insanlar sadəcə bir araya gələrək, güclü olmaq və bu vəziyyətdən qalib çıxmaq üçün nə etmək lazımdırsa edirlər. Bu, mənim üçün ən böyük nikbinlik mənbəyidir."
İsrail Qəzzada quruda əməliyyata hazırlaşır. Lakin bir çox israilli girovları geri qaytarmağın əsas prioritet olduğunu deyir.
Forum