Accessibility links

İsrail Qəzza zolağına havadan zərbələr endirib


İsrailin hava hücumundan müdafiə qüvvələri Qəzzadan atılan raketi dəf etdikdən bir neçə saat sonra cümə axşamı səhər saatlarında Qəzza zolağına havadan zərbələr endirib.

İsrail ordusunun bildirdiyinə görə, hava zərbələri militant HƏMAS qruplaşmasının istifadə etdiyi raketlərin istehsal edildiyi müəssisəni hədəf alıb.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Çərşənbə günü raket zərbəsini dəf etdikdən sonra İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Tvitter hesabında fələstinli məhbuslar üçün şərtləri sərtləşdirmək planını açıqlayacağını bildirib.

Qəzzadan atılan raket və İsrailin hava hücumları Şərqi Qüdsdəki sinaqoq yaxınlığında bir fələstinli silahlının yeddi nəfəri öldürməsi və İsrail qüvvələrinin keçən həftə İordan çayının Qərb sahilindəki qaçqın düşərgəsinə basqını zamanı 10 fələstinlini öldürməsi də daxil olmaqla, zorakılıqların artması fonunda baş verib.

ABŞ Dövlət katibi Antoni Blinken fələstinlilərlə münasibətlərin təlatümlü bir vaxtında, keçən bazar ertəsi İsrailə səfər edərək gərginliyi azaltmağa çalışıb.

Blinken Fələstinin İsrail vətəndaşlarını hədəf alan son hücumlarını pisləyib. O, eyni zamanda İsraili təmkinli olmağa çağırıb və mülki əhali arasında bütün itkilərin qəbuledilməz olduğunu deyib.

Bliken keçən cümə günü çoxu Qüds sinaqoqundan çıxarkən, 7 nəfərin ölümünə səbəb olan hücuma toxunaraq, "terror hücumunda günahsız bir insanı öldürmək ağır cinayətdir. Lakin insanları ibadət yerləri yaxınlığında hədəf almaq xüsusilə sarsıdıcıdır" deyib.

"Biz bunu kəskin şəkildə qınayırıq. Qurbanın kimliyindən və nəyə inanmasından asılı olmayaraq, bu və mülki əhalinin həyatına son qoyan hər hansı digər terror aktlarının hamısını qınayırıq. Daha çox günahsız insana qarşı intiqam çağırışları buna cavab deyil. Mülki insanlara qarşı zorakılıq aktlarına heç vaxt haqq qazandırmaq olmaz" , Blinken bildirib.

XS
SM
MD
LG