Accessibility links

İsrailin Livanın şimalında yaşayış binasına hava zərbəsi nəticəsində 18 nəfər ölüb


Livanın Qırmızı Xaç Cəmiyyətinin verdiyi məlumata görə, bazar ertəsi İsrail qüvvələrinin Livanın şimalında, Hizbullahın ölkənin cənubunda və şərqində istehkamlarından uzaqda yerləşən yaşayış binasına endirdiyi hava zərbəsi azı 18 nəfərin ölümünə səbəb olub.

İsrail hərbçiləri dərhal şərh verməyib və hədəfin nə olduğu açıqlanmayıb. Zərbə Ayto kəndində kiçik yaşayış binasına dəyib.

Son hava zərbələri Hizbullahın pilotsuz təyyarəsinin İsrailin şimalındakı hərbi bazaya hamısı 19 yaşında olan 4 əsgərin həlak olmasından və 7 əsgərin ağır yaralanması ilə nəticələnən hücumundan bir gün sonra endirilib. Bu, İsrailin Livana təxminən iki həftə əvvəl quruda hücuma başlamasından bəri militant qrup tərəfindən ən ölümcül hücum olub.

Bazar günü baş verən hücumda ümumilikdə 61 nəfər yaralanıb. Hizbullah ötən il ərzində İsrailə minlərlə raket, mərmi və dron atsa da, onların əksəriyyəti ya ələ keçirilib və ya açıq ərazilərdə vurulduğu üçün itki sayı az olub.

Fələstinli həkimlərin bildirdiyinə görə, İsrailin bazar ertəsi həyata keçirdiyi hava hücumu Deyr Əl-Bələhdə “Əl-Əqsa Şəhidləri” xəstəxanasının ərazisində azı 3 nəfərin ölümünə, 40 nəfərin yaralanmasına səbəb olub.

Qəzzanın Səhiyyə Nazirliyi zərbə nəticəsində xəstəxana binalarında və müharibə zamanı didərgin düşmüş fələstinlilərin ərazidə istifadə etdiyi çadırlar arasında güclü yanğın baş verdiyini bildirib.

İsrailin dediyinə görə, ordusu dinc sakinlər arasında gizlənən militantları hədəf alıb.

Hücum İsrailin Nuseyrətdə məcburi köçkünlərin yaşadığı məktəbə azı 15 nəfərin ölümü ilə nəticələnən növbəti zərbəsindən bir neçə saat sonra baş verib.

BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi (UNRWA) bazar ertəsi “Qəzza zolağında daha bir dəhşətli gecə” deyə, bildirib. Agentlik, məktəbin bazar ertəsi poliomielit peyvəndi vurulması üçün istifadə olunacağını deyib.

Avropa İttifaqının xarici siyasət komissarı Cosep Borrell bazar ertəsi İsrail qüvvələrinin Livanın cənubunda bir neçə BMT sülhməramlısının yaralanmasına səbəb olan hücumlarından “ciddi narahatlığını” ifadə edib.

BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Ramyadakı sülhməramlıları bazar günü İsrailin üç alaydan ibarət əsgərinin Livana keçdiyini müşahidə etdiklərini bildirib. BMT-nin sığınzcaqlarda olan missiyası iki İsrail tankının əsas girişi dağıdaraq, mövqeyə zorla daxil olduğunu bəyan edib.

Bu, cümə axşamından bəri azı beş sülhməramlısının yaralanması ilə nəticələnən bir sıra insidentin sonuncusu olub.

ABŞ-ın müdafiə naziri Lloyd Austin bazar günü İsrailin müdafiə naziri Yoav Qallantla telefon danışığı zamanı məsələni qaldırıb. Pentaqon bildirib ki, Austin “UNIFIL qüvvələri və Livanın Silahlı Qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün bütün İsrailin lazımi tədbirləri görməsinin vacibliyini vurğulayıb”.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü BMT-ni sülhməramlılarını Livanın cənubundakı “təhlükəli yoldan” çıxarmağa çağırıb və Hizbullah militantlarının İsraillə davam edən döyüşlərdə onlardan “insan qalxanı” kimi istifadə etdiyini iddia edib.

Müxtəlif millətlərdən olan təxminən 9500 əsgərdən ibarət UNIFIL missiyası İsrailin 1978-ci ildə Livana təcavüzündən sonra yaradılıb. Hazırda missiyaya İsrail və Hizbullah arasında 2006-cı ildə 33 günlük müharibəyə son qoyan atəşkəs rejiminə nəzarət etmək tapşırılıb.

Forum

XS
SM
MD
LG